Accessibility links

'Harvard'ın professoru Bəxtiyarın universitetdən magistr dərəcəsi aldığını təsdiqləyib


'Harvard'ın professoru Bəxtiyarın universitetdən magistr dərəcəsi aldığını təsdiqləyib
'Harvard'ın professoru Bəxtiyarın universitetdən magistr dərəcəsi aldığını təsdiqləyib

Rikardo Hausmann: Məncə onun qrupunda hər kəs Bəxtiyarı yüksək səviyyədə bəyənirdi və o, yadda qalan tələbə idi. Bəxtiyar azərbaycanlı olması ilə böyük qürur duyurdu. Əgər onun qrup yoldaşlarından Azərbaycan xalqı haqda soruşsaydınız, onlar deyərdilər ki, əgər Azərbaycanda hamı Bəxtiyar kimidirsə, bu, əla xalqdır.

Harvard Universiteti Beynəlxalq İnkişaf Mərkəzinin direktoru və tətbiqi iqtisadi inkişaf professoru Rikardo Hausmann deputatlığa keçmiş namizəd, həbsdəki gənc fəal Bəxtiyar Hacıyevin Harvard Universitetində magistr dərəcəsi aldığını təsdiqləyib və deyib: "Hətta Bəxtiyar Hacıyevin əleyhinə onun Harvard Universitetinin Kennedi Hökumət Məktəbində yüksək rəqabətli hesab olunan İctimai Siyasət ixtisası üzrə magistr dərəcəsi aldığını inkar edən gözdənsalma kampaniyası aparılmasından çox məyus olmuşam".

Amerikanın səsinə telefonda müsahibə verən professor Rikardo Hausmann Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə edən “Bəxtiyarın dostları” adlı yeni İctimai Qrupun sorğusuna cavabında Bəxtiyarın Harvard Universitetindən magistr dərəcəsi almadığı barədə iddiaları yalan təbliğat adlandırıb və belə kampaniyalar aparanların ictimaiyyətin hörmətinə layiq olmağını deyib. Bəxtiyar Hacıyevin Harvard Universitetinin magistr proqramını yox, adi kurslarını bitirməsi haqda yerli telekanallar məlumat yaymışdı.

Hausmannın “Amerikanın səsi”nə eksklusiv müsahibəsini təqdim edirik:

Sual: Cənab Hausmann, B. Hacıyev hesab edir ki, onun barəsində hərbi xidmətdən qanunsuz yayınma barədə ittiham əsassızdır, çünki Azərbaycan Respublikası Avropa Şurası qarşısında alternativ hərbi xidmət hüququnun təmin edilməsi barədə öhdəlik götürüb və onun bu cür hərbi xidmət keçmək hüququ var. Bu vəziyyəti necə xarakterizə edərdiniz?...

Cavab: Mən Bəxtiyar Hacıyevin məhkəmə prosesi və onun hərbi xidmət öhdəliyi haqda konkret detalları bilmirəm. Amma bir çox ölkələrdə demokratiyanı buxovlamaq istəyən hökumətlər siyasi müxalifəti susdurmaq üçün qanunvericilikdən istifadə edirlər. B. Hacıyevin halı da mənə bunu xatırladır. Yəni, sən siyasi rəqibini susdurmaq üçün hüquq sistemində əlinə gələn bütün vasitələrdən istifadə edirsən. Mən şəxsən Venesueladanam və bu ölkədə də həbsdə saxlanılan və ya həbslə hədələnən siyasi liderlər var. Mən Bəxtiyarın müəllimi olmuşam və o, həvəslə Azərbaycana getmişdi ki, siyasi proseslərdə iştirak etsin. Çox təəssüf edirəm ki, rejim onu həbsə saldı. Təqribən bir əsr əvvəl Meksika prezidenti belə bir söz demişdi: “Dostlarım üçün hər şey, düşmənlərim üçün qanun!”. Qanunları öz xeyrinə yazmaq və opponentinin bu qanunu pozmasına nail olmaq olduqca asandır. Amma bu yolla demokratik dövləti heç cür idarə etmək olmaz.

Sual: Harvard Universitetinin Azərbaycan prezidentinə Bəxtiyar Hacıyevlə bağlı müraciətində bildirilir ki, bu universitetin məqsədi öz tələbələrinə dünyanı yaşamaq üçün daha yaxşı məkana çevirməyi aşılamaqdır. Bildiyiniz kimi dünyanın elə yerləri var ki, bunu etmək azadlıqdan məhrum etmə, həyatla risk etmə kimi hallarla nəticələnə bilər. Konkret Bəxtiyarla bağlı halda Harvard Universitetinin öz məzununu müdafiəsini necə qiymətləndirirsiniz?

BƏXTİYARIN HƏBSİ İLƏ ƏN BÖYÜK ZƏRƏR AZƏRBAYCAN DÖVLƏTİNƏ DƏYİB

Cavab: Mən Harvardın bunu edə biləcəyi haqda bir söz deyə bilmərəm. Universitet bir qurum olaraq bəyanatlar verə bilər, mənəvi dəstək verə bilər, bu, siyasi rol ola bilməz. Mən şəxsən Bəxtiyarın professoru olaraq, Azərbaycanın dostu olaraq məsuliyyət hiss edirəm ki, bu haqda danışmalıyam və mən mümkün olan bütün imkanlardan, fürsətlərdən istifadə edərək bu məsələ barədə fikrimi bildirmişəm. Bəxtiyarın həbsindən çox məyusam, bu vəziyyəti çox ciddi qəbul edirəm və hesab edirəm ki, Azərbaycan bu həbslə ən böyük pisliyi özünə, özünün bir dövlət olaraq imicinə edib.

Sual: Belə bir məlumat var idi ki, siz bu günlərdə Azərbaycana səfər edəcəksiniz və bu ölkə ilə bağlı tədqiqatınızı təqdim edəcəksiniz. Səfər zamanı bu məsələləri rəsmilər qarşısında qaldırmağı planlaşdırırsınızmı?

Cavab: Məni bir il əvvəl Azərbaycana Prezident Forumunda iştiraka dəvət etmişdilər. Əmin deyiləm ki, Bəxtiyarla bağlı ictimai çıxışlarımdan sonra bu dəvət hələ də gündəmdədir.

Sual: Sizə hansısa imtina gəlibmi səfərlə bağlı?

Cavab: Xeyr, gəlməyib. Amma mənim heç bir səbəbim yoxdur ki, Bəxtiyarın həbsi məsələsini rəsmilərlə müzakirəyə çıxarmayım. Mən bu məsələyə çox ciddi yanaşıram və həbsdən çox məyusam. Azərbaycanın rəsmi idarələrində bizdə təhsil almış çoxlu adamlar var və mən Azərbaycanı qabağa aparacaq mürəkkəb siyasət məsələləri üzərində işləyənlərə kömək etmək istərdim. Mən eyni zamanda inanıram ki, hamının insan hüquqları və siyasi hüquqlarına hörmət edilməlidir.

Sual: Siz Bəxtiyarı bir tələbə kimi necə xatırlayırsınız?

Cavab: Məncə, onun qrupunda hər kəs Bəxtiyarı yüksək səviyyədə bəyənirdi və yadda qalan tələbə idi. O, azərbaycanlı olması ilə böyük qürur duyurdu. Əgər onun qrup yoldaşlarından Azərbaycan xalqı haqda soruşsaydınız, onlar deyərdilər ki, əgər Azərbaycanda hamı Bəxtiyar kimidirsə, bu, əla xalqdır.

Sual: Bəxtiyarla heç siyasi məsələləri, onun bu barədə planlarını müzakirə etmişdinizmi?

Cavab: Etmişdik, bəli. O, siyasətə qatılıb-qatılmamaq haqda fikirləşirdi. Mən onu həvəsləndirdim ki, siyasətə qatılsın. Ölkənin uğurunu müəyyən edən amillərdən biri də siyasətə qatılan adamların nə dərəcədə qabiliyyətli olmasıdır.

XS
SM
MD
LG