Bəxtiyar Hacıyevə dəstək qurumu Avropa liderlərinə müraciət edib

Avropa liderləri gənc fəalın azad edilməsi üçün Azərbaycan hökumətinə təsir göstərməyə çağırılır:

Məhbus fəal Bəxtiyar Hacıyevə dəstək qurumu - “Bəxtiyarın azadlığı üçün Avropa Komitəsi” Avropa Birliyinin prezidentinə, Avropa Komissiyasının sədrinə, Avropa Parlamentinin rəhbərinə, Avropa Şurasının baş katibinə və ATƏT-in baş katibinə müraciət edib.

“Media forum” saytının məlumatına görə, 500 nəfərin imzası ilə göndərilmiş müraciətdə Avropa liderləri gənc fəalın azad edilməsi üçün Azərbaycan hökumətinə təsir göstərməyə çağırılır: “Biz dünyanda güclü demokratik dəyərlərin daşıyıcısı olan siyasi qüvvənin təmsilçisi kimi sizləri Bəxtiyar Hacıyevin azad edilməsi üçün Azərbaycan prezidentinə təsir etməyə səsləyirik”.

ABŞ-ın Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev 2011-ci ilin martında Gəncədə tutulub və 2 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib.