"Bu qədər korrupsiyaya bulaşan YAP xalqdan üzr istəməli, istefa verməli və təkrar seçkilər keçirməlidir"

Ülvi Həsənli

NİDA Vətəndaş Hərəkatının idarə heyyətinin üzvü Ülvi Həsənli Amerikanın Səsinə müsahibəsində son aylarda baş verən DTX əməliyyatlarının səbəblərindən və üzvlərinin həbsindən sonra Yeni Azərbaycan Partiyasının atmalı olduğu addımlardan danışıb.

Your browser doesn’t support HTML5

"Azərbaycanda korrupsiyanın bu dərəcədə kök atmasında YAP-ın müstəsna rolu var"

Siyasi fəalın sözlərinə görə, ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşması höküməti bu cür addımlar atmağa məcbur edib.

Ölkədəki korrupsiya problemi üç-beş nəfərin həbsi ilə düzələn deyil.

“Hökümət insanların sosial-iqtisadi ehtiyaclarını qarşılaya bilmədiyinə görə məcbur oldu ki, belə bir şou düzəltsin və insanların başını bu tamaşalarla qatsın. Bu həbslər ölkədə korrupsiyaya qarşı ciddi şəkildə mübarizənin təzahürü deyil. Çünki, ölkədə hakimiyyətinin lap aşağısından tam yuxarıya qədər hamı korrupsiyalaşıb. Üç-beş icra hakimi və ya hansısa nazir müavinini tutmaqla bu korrupsiya rejimi ilə mübarizə aparmaq mümkün deyil. Bunun üçün ölkədə müstəqil məhkəmə və hüquq-mühafizə orqanları formalaşdırmaq lazımdır.”

Ülvi Həsənli əlavə edir ki, müavinləri həbs olunan qurumların rəis və nazirlərinin korrupsiya faktından xəbərsiz olması şüphə doğurur.

Ölkədə də hər kəs bilir ki, bu sistem bütövlüklə korrupsiyalaşıb.

“Mədəniyyət nazirinin müavini Rafiq Bayramov 11 ildən çox nazirin köməkçisi olub. Necə ola bilər ki, bu qədər müddət sənin ən yaxınında olan insan korrupsiyaya bulaşsın amma sənin bundan xəbərin olmasın. Ya bu gülməli bir vəziyyətdir, ya da nazirin özü də bu korrupsiya pramidasının içindədir. Ölkədə də hər kəs bilir ki, bu sistem bütövlüklə korrupsiyalaşıb.”

NİDA Vətəndaş Hərəkatının idarə heyyətinin üzvü bildirir ki, həbs olunan şəxslərlə bağlı YAP-ın bəzi millət vəkilləri məsuliyyəti öz üzərilərindən atmaq istəyir.

Bu qədər korrupsiyaya bulaşan YAP xalqdan üzr istəməli, istefa verməli və təkrar seçkilər keçirməlidir.

“Sanki, YAP 30 ilə yaxındır bu ölkəni idarə eləmir, sanki, bu ölkədə korrpsiyanın bu həddə çatmasında YAP-ın heç bir rolu yoxdur. Halbuki hamımız da bilirik ki, ölkədə korrupsiyanın bu qədər çiçəklənməsində, bu qədər kök atmasında YAP-ın müstəsna rolu var. Əgər ölkədə normal siyasi müstəvi olsaydı YAP bu qədər korrupsiyaya bulaşmaqla indiyə qədər xalqdan üzr istəyib, hakimiyyətdən istefa verməli və təkrar seçkilər keçirməli idi.”