“Bu il Azərbaycan iqtisadiyyatının kəskin daralacağını və işsizlərin sayının artacağını proqnozlaşdırmaq olar”

Your browser doesn’t support HTML5

İqtisadçı-ekspert Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində neft qiymətinin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına hansı təsirlərinin olacağı barədə danışıb. Onun sözlərinə görə, Azərbaycan höküməti Neft Fondu və Mərkəzi Bankda olan 50 milyard dollara yaxın təhlükəsizlik yastığına güvənməməlidir və daha ciddi addımlar atılmalıdır ki, Neft Fondunda qalan vəsait sürətlə tükənməsin. “Pandemiyadan sonra belə neftdən tələbatın uzun zaman aşağı səviyyədə qalması ehtimalı var. Yəni, biz ümid etməməliyik ki, sabah pandemiya bitəcək və neftin qiyməti yenidən 50-60 dollara qalxacaq. Elə bir şey olmayacaq. Birincisi dünyada çox ciddi neft bolluğu var. Həm istehlakın 25 faizə qədər azalması, həm də istehsalın artması dünyada neft bolluğuna səbəb olub. Yəni, hazırda elə bir vəziyyət yaranıb ki, Azərbaycanın neftdən asılılığı çox ciddi bir təhlükəyə çevrilib. Sabah hətta pandemiya arxada qalsa belə neft qiymətlərinin uzun illər aşağı vəziyyətdə qalması Azərbaycan iqtisadiyyatını getdikcə daha çox daralması ilə nəticələnəcək və Neft Fondundan olan vəsait qısa bir müddət ərzində tükənə bilər. Bundan sonra Azərbaycan daha ciddi problemlərlə qarşı-qarşıya qalacaq.”