BQXK hüquq müdafiəçisi və erməni əsriləri barədə

Beynəlxalq Qızıl Xaç Komitəsi

BQXK-nin hüquq müdafiəçisi barədə məlumatı ictimaiyyətə açıq deyil, amma əsirlərlə bağlı məlumat verilir

“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) həmin şəxsi qəbul edib, məlumatlarını dinləyib və bu məlumatlar nəzərə alınıb”. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Turan agentliyinin “Milli Şuranın sədri Cəmil Həsənlinin həbsdə olan Leyla və Arif Yunuslara baş çəkilməsi və onlara dərmanların çatdırılması ilə bağlı BQXK-də görüşü zamanı xahişi yerinə yetirilibmi?”, sualının cavabında bildirib.

Onun sözlərinə görə BQXK-i mütəmadi olaraq saxlanma yerlərinə baş çəkir. “Bununla yanaşı BQXK-i hansı saxlanma yerində olduğu və kimlərə baş çəkdiyi ilə bağlı ictimaiyyətə məlumat vermir”, deyə o qeyd edib.

Bununla yanaşı, BQXKnin ictimaiyyətlə əlaqələr şöbəsi APA agentliyinə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşlarının Azərbaycanda saxlanılan bir erməni əsir və 5 mülki şəxsə baş çəkdiyi barədə məlumat verib.

İlahə Hüseynovanın sözlərinə görə, başçəkmə avqustun 6-da həyata keçirilib. Saxlanılan şəxslərə ailə məlumatları ötürülüb və eyni qaydada, ailə məlumatları alınıb.

Agentlik bildirir ki, Azərbaycanda saxlanılan Ermənistan vətəndaşları Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir.

Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər. Onlar üçüncü ölkəyə göndərilmək arzularını bildiriblər.

Azərbaycanda saxlanılan digər şəxs isə hərbi əsirdir. Erməni silahlı bölmələrinin hərbçisi Akop İnciqulyan ötən ilin avqustun 7-dən 8-nə keçən gecə qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.