BMT Təhlükəsizlik Şurası Suriyaya 300 silahsız müşahidəçi göndərmək barədə qərar verib. Yekdilliklə səs qazanan qərar BMT Baş Katibi Ban Ki Muna monitorları yerləşdirmək üçün Suriyada vəziyyəti dəyərləndirməyə səlahiyyət verir.
Bir həftə davam edən atəşkəsə baxmayaraq Suriyada etiraz dalğası səngimək bilmir.
Müxalifətçi Suriya İnqilab Komissiyası rejim qüvvələrinin şənbə günü azı dörd adamı öldürdüklərini xəbər verir.
Fəallar şənbə günü hərbi aerodrom yaxınlığında partlayışların baş verdiyini deyirlər. Bu arada hökumət “silahlı terrorçuların” şərqi Deir əl-Zur vilayətində neft boru kəməri yaxınlığında partlayıcı maddə yerləşdirdiklərini xəbər verir.
Diplomatlar deyirlər ki, BMT Təhlükəsizlik Şurası artıq 30 müşahidəçinin ölkəyə göndərilməsinə qərar verib, amma təhlilçilər BMT missiyasını həyata keçirmək üçün daha çox müşahidəçinin tələb olunduğuu deyirlər.
Suriyada dövlətə məxsus SANA xəbər agentliyi deyir ki, monitorlar qaynar Homs şəhərinə səfər ediblər. Orada onlar regional qubernatorla görüşmüş və bir neçə məhəlləni gəzmişlər.
Fəallar bir həftədir ki, artilleriya atəşinə məruz qalan şəhərin bu gün sakit olduğunu xəbər verirlər.