Suriyada prezident Bəşar əl-Əsədin tərəfdarları onlarla mülki vətəndaşı öldürdükləri bir zamanda BMT-nin insan haqları üzrə kommissarı Suriyada dərhal atəşkəsə çağırıb.
İnsan haqları qrupları hökumət qüvvələrinin Suriya boyunca azı 41 adamı öldürdüklərini xəbər verirlər. 20 adamın Həma şəhəri yaxınlığındakı Helfaya qəsəbəsinə hücum zamanı öldürüldükləri deyilir. Müxalifət mənbələri deyirlər ki, Əsədin qardaşı Mahirin komandanlıq etdiyi Dördüncü Diviziyanın tankları Homs küçələrinə çıxıblar.
Cenevrədə Navi Pillay BMT İnsan Haqları Şurasına bildirib ki, beynəlxalq ictimaiyyət Suriya qoşunlarının əhaliyə divan tutmasının qarşısını almaq üçün hərəkətə keçməlidir.
Fəallar dünən Suriyada baş verən döyüşlərdə azı 100 adamın həlak olduğunu bildirirlər. Onlardan çoxu Homsun üsyançıların nəzarət etdiyi Baba Əmr məhəlləsində həyatlarını itiriblər. Homs şəhəri Əsəd rejiminə qarşı 11 ay davam edən üsyanın mərkəzi hesab olunur.