Suriya üzrə beynəlxalq nümayəndə Kofi Annan Suriya qüvvələrinin kütləvi həbslər və işgəncələr həyata keçirdiyini bildirir. Bu gün BMT-nin Təhlükəsizlik Şurasının bağlı qapılar arxasında keçirilən görüşündə cənab Annan deyib ki, kövrək atəşkəsə görə qüvvələr hücumlarını bir qədər azaldıb, lakin ara-sıra əməliyyatlarını davam etdirir.
BMT-nin Suriya üzrə müşahidəçi missiyası Homs şəhərinə yerləşdirilib.
Bundan bir neçə saat əvvəl keçirilən parlament seçkiləri əsas müxalifət qrupları tərəfindən boykot edilmişdi. Ölkə daxilində və xaricindəki müxalifət Əsəd hökumətinin zorakılıqları davam etdirdiyi bir şəraitdə keçirilən seçkilərin etibarsız olduğunu deyir.
BMT-nin 300 nəfərlik müşahidəçi missiyası Suriyanın 10 müxtəlif bölgəsində yerləşdirilir. Missiya Ərəb Liqasının nümayəndəsi Kofi Annanın sülh razılığının şərtlərinə əməl edilib-edilmədiyini müşahidə edir.
Suriyanın hökumət qüvvələri ilə rəqib döyüşçülər isə razılığa məhəl qoymadan qarşılıqlı hücumlar həyata keçirir.