Accessibility links

Suriyalılar parlament seçkilərini boykot edir


Suriyada fəalların bildirdiyinə görə, ölkə boyu insanlar üsyançı şəhər və kəndlərdə hökumətin keçirdiyi parlament seçkilərini boykot edir. Müxalifət qrupları isə saxta adlandırdıqları seçkiləri rədd edib.

Fəalların sözlərinə əsasən, Həma və müxalifətin istinadgahı olan digər şəhərlərdə sakinlər səsverməni boykot etdiyinə görə küçələr boşdur, mağazalar bağlanıb.

Parlament seçkiləri Suriya prezidenti Bəşar Əl-Əsədin 1970-ci illərdən onun ailəsi tərəfindən idarə olunan ölkədə demokratik islahatlar prosesinin getdiyini nümayiş etdirmək səylərinin bir hissəsi kimi qiymətləndirilir.

Lakin Suriyanın daxilində və xaricində olan müxalifət qrupları hökumət qüvvələrinin ölkədə 14 aydır sürən üsyan hərəkatını yatırmağa davam etdiyi bir şəraitdə səsverməni şou adlandırıraraq seçkilərin heç bir qanuniliyi olmadığını bildirir.

Suriya televiziyasında seçicilərin paytaxt Dəməşqdə və ölkənin digər şəhərlərində 250 yerlik parlamentə seçilmək üçün yeddi mindən artıq namizədə səs verdiyi göstərilib.

Cənab Əsədin Bəəs partiyasının başçılıq etdiyi koalisiya on illərdir parlamentə nəzarət edirdi, lakin bu il fevral ayında təsdiq edilmiş yeni konstitusiya ilə yeni siyasi partiyaların yaradılmasına icazə verilib.

XS
SM
MD
LG