BMT-nin Beynəlxalq məhkəməsinin Kosovo barədə qərarının Cənubi Qafqazdakı münaqişələrə təsirləri

Bir qrup şərhçilər qərarın Cənubi Qafqazdakı mövcud münaqişələrə təsiri olmayacağını, digərləri isə istənilən beynəlxalq qərarın digər problemlərə təsirinin qaçılmaz olduğunu deyir

BMT-nin Beynəlxalq Məhkəməsinin 2008-ci ilin fevralında Kosovo diyarının müstəqilliyinin elan edilməsinin beynəlxalq hüquq normalarına zidd olmaması barədə konsultativ qərarı Azərbaycanda birmənalı qarşılanmayıb. Ölkə mediası demək olar ki, hər gün bu barədə çoxsaylı məqalələr və şərhlərlə çıxış edir.

Bir qrup şərhçilər qərarın Cənubi Qafqazdakı mövcud münaqişələrə təsiri olmayacağını, digərləri isə istənilən beynəlxalq qərarın digər problemlərə təsirinin qaçılmaz olduğunu deyir.

Azərbaycanın rəsmi mövqeyi daha fərqlidir. Kosovo öz müstəqilliyini elan edəndə Azərbaycan sülhməramlıları burada NATO-nun sülhyaratma əməliyyatlarında iştirak edirdi. Azərbaycan Kosovonun müstəqilliyini elan etməsindən sonra dərhal qoşunlarını geri çağırdı və Serbiyanın ərazi bütövlüyünü tanımaqda davam etdiyini bəyan etdi.

Məhkəmənin qərarına gəlincə, Xarici İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib ki, BMT-nin Beynəlxalq Məhkəməsinin konsultativ qərarı yalnız Kosovo məsələsinə aiddir. “Kosovo münaqişəsi digər münaqişələr kimi unikaldır və onun yeganə həll metodu yoxdur. Azərbaycan Serbiyanın ərazi bütövlüyünü tanıyıb, tanıyır və bu mövqeyində qalır", - deyə o qeyd edib.

Mətbuat katibi məhkəmənin qərarının Ermənistan-Azərbaycan münaqişəsinə təsirinin olmayacağını düşünür. “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi Minsk qrupunun fəaliyyəti çərçivəsində ATƏT-in mandatı altında aparılır və Azərbaycan bu formatda danışıqları davam etdirir”.

Müstəqil politoloqların isə məsələyə fərqli yanaşması var. Politoloq Zərdüşt Əlizadə hesab edir ki, beynəlxalq məhkəmənin istənilən qərarının dünyadakı problemlərə təsiri var. “Bu qərar eyni zamanda Ermənistan-Azərbaycan və bütövlükdə Cənubi Qafqazdakı münaqişələrdə tanınmayan rejimlərin və onları dəstəkləyən dövlətlərin mövqeyini gücləndirir. Məhkəmənin qərarı Cənubi Qafqazdakı münaqişələrin ənənəvi hüquq çərçivəsində həllinə tam mənfi təsir edəcək”.

“Atlas” Araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, məhkəmənin qərarı Cənubi Qafqazdakı münaqişələrin həllinə təkan verə bilər. “Belə ki, keçmiş Yuqoslaviyada albanlar etnik ayrı-seçkiliyə məruz qalıb. Cənubi Qafqazda isə əksinə azərbaycanlılar və gürcülər doğma yurdlarından qovulub. Orada serblərin hərəkətləri beynəlxalq hüquqa ziddir, Cənubi Qafqazda isə ruslar və ermənilərin hərəkətləri hüquqa qarşıdır. BMT Təhlükəsizlik Şurası-nın azərbaycanlıların şərtsiz olaraq doğma yurdlarına qaytarılması barədə qətnamələri mövcuddur”.