BMT-nin İran üzrə hesabatçısı: Azərbaycan türklərinin hüquqları tapdanır

Oktyabrın 11-də BMT-nin İranda İnsan Haqları üzrə Xüsusi Hesabatçısı Əhməd Şahid üçüncü hesabatını açıqlayıb. Başqa sahələrlə yanaşı, İran Azərbaycanında baş verən hüquq pozuntularına diqqət yetirən cənab Şahid azərbaycanlıların İslam Respublikasının idarəçiliyi altında elementar mədəni hüquqlardan məhrum olduğunu vurğulayıb.

“Azərbaycanlılar doğma ana dillərində mətbuata sahib deyillər. Azərbaycan türkcəsində vebsaytların fəaliyyəti qadağan olunub,” deyə Şahidin hesabatında bildirilir. Xüsusi hesabatçı qeyd edir ki, azərbaycanlılar öz ana dillərində təhsil hüququndan məhrumdurlar. Belə ki, İranda Azərbaycan türkcəsində məktəb yoxdur. Bunun nəticəsi olaraq İran azərbaycanlıları arasında savadsızlıq ciddi problemə çevrilib. Ali təhsil səviyyəsinə görə farslarla qeyri-farslar arasında dərin uçurum mövcuddur.

Əhməd Şahid azərbaycanlıların musiqi və ədəbiyyat sahələrində ayriseçkiliyə məruz qaldıqlarını və onların mədəni tədbirlərdən kənar saxlandıqlarını vurğulayıb. Türk adlarına qoyulan qadağa təkcə vətəndaşlara deyil, bizneslərə də şamil olunur.

Öz doğma dilində yazıb-oxumağı tələb edən insanlar separatçılıqda günalandırılaraq həbsə atılır. İran Azərbycanında həbs edilən fəallara ağır cəzalar verilir, deyə hesabatçı Əhməd Şahid bildirib. Buna nümunə olaraq o, Bəzz qalasına yürüşə qoyulan məhdudiyyətləri, Urmu gölünün qurumasına etiraz edənlərin həbslərini önə çəkib.

İslam Respublikasında işgəncə və edam praktikasının geniş yayıldığını vuğulayan BMT təmsilçisi 2011-ci ildə İranda 670, 2012-ci ilin ilk yarısında isə 223 adamın edam olunduğunu xəbər verib.