Bloq: Vilyam Penn Dühası

  • Əsgər Möhsümoğlu

Amerikanın təməl ideyaları adətən Corc Vaşinqton, Tomas Cefferson və Bencamin Franklin kimi şəxsiyyətlərlə əlaqələndirilir. ABŞ Konstitutsiyasında əks olunan fundamental azadlıqlar haqda düşünəndə, nadir hallarda kiminsə ağlına Pennsilvaniya koloniyasının banisi Vilyam Penn gələ bilər. Lakin ABŞ istiqlaliyyətindən bir əsr əvvəl Yeni Dünyaya qədəm qoyan bu şəxs respublikanın qurulmasında ən önəmli rollardan birini oynayıb.

Mən ilk dəfə Vilyam Penn haqda mübadilə tələbəsi olaraq Pennsilvaniya ştatına gələndə eşitmişdim. Qalacağım Kveykertaun qəsəbəsində bələdçilik edən ev sahibəsi müxtəlif təriqətlərə məxsus kilsələri göstərir və Vilyam Pennin adını tez-tez qeyd edirdi. Yaşıllıqla dolu 'Pennsilvaniya' sözünün də 'Pennin meşələri' ifadəsindən qaynaqlandığı o zaman yadımda qalmışdı.

Bu yaxınlarda ingilislərin Şimali Amerikada məskunlaşmasına dair Ceyms Evansın yazdığı Emiqrantlar: İngilislər Yeni Dünyaya Niyə Gəldilər kitabını oxuyarkən Vilyam Penn haqda xatirələrim, ilk dəfə Filadefliya şəhərində olarkən hökumət binasının qülləsindəki kiçik heykəl təsəvvürümdə yenidən canlandı.

"Pennsilvaniyanın Doğuluşu 1680" - Rəssam Jean Leon Gerome Ferrisin əsərində Vilyam Pennin Britaniya Kralı II Çarlzdan Pennsilvaniya koloniyasını təhvil alması təsvir olunur.

1682-ci ildə Penn və onun nigaran kolonist dəstəsi “Welcome” gəmisində Amerikaya uzun və ağrılı səyahətə hazırlaşanda elə indiki duruma oxşar olaraq dünyanı epidemiya bürümüşdü. Sərnişinlərin bir çoxu çiçək xəstəliyinə yoluxmuşdu - bəziləri aşkar simptomlar göstərir, digərləri isə inkubasiya mərhələsində idilər.

Həmin gəmidə olan adamların dörddə biri Amerika sahillərinə sağ yetişə bilmədi. Ancaq xoşbəxtlikdən sahilə çıxanlar arasında Vilyam Penn var idi.

Oliver Kromvellin idarəçilyi altında Respublikaçı İngiltərə dövründə boya-başa çatan Penn uşaq vaxtlarında Kveyker missioneri ilə rastlaşmışdı. Həmin görüş beyni yeni ideyalara açıq olan Penndə dərin təəssürat buraxmış və onda bu unikal təriqətin nümayəndələrinə maraq oyatmışdı.

Pennsilvaniya ştatının xəritəsi

Tanrı qarşısında titrəmək (ingiliscə: to quake) ifadəsindən qaynaqlanan Kveyker təriqətinin üzvləri inanırdılar ki, hər bir insan ruhunda işıq var və hər kəs İsa Məsihin ilahi missiyasının potensial daşıyıcısıdır.

Çoxlarına adi görünəcək bu baxışlar o zaman İngiltərənin mühafizəkar xristian icmasında üsyankar fəlsəfə kimi dəyərləndirilirdi.

“Sakit davranışlarına baxmayaraq, sosial ierarxiyanı rədd etdiklərinə görə Kveykerlər cəmiyyətin sosial əsaslarına təhlükə kimi görülürdü,” Evans kitabında yazır. “Onlar nəinki krala sədaqət andı içməkdən imtina edir, sosial ierarxiyada özlərindən yüksək zümrənin nümayəndələri qarşısında papaqlarını çıxarmaqdan və lordlarla təmasda ehtiram göstərməkdən imtina edirdilər.” Kveykerlər hesab edirdilər ki, Tanrıdan başqa kiminsə qarşısında əyilmək mənəvi dəyərlərə ziddir.

150 evlə başlayan Filadelfiya şəhəri qısa zaman kəsiyində Amerika koloniyalarının ən iri şəhərlərindən birinə çevrildi.

Kveyker məzhəbini qəbul etmiş gənc Penn bir çox mənada atası - kral tərəfdarı və görkəmli admiral Ser Vilyam Pennin əksi idi. Lakin nə qədər qəribə də olsa, məhz bu bağlantı nəticəsində Kral II Çarlz gənc Pennə Amerikada torpaq bəxş etməyə qərar vermişdi. Kralın hesablaması bu idi ki, Pennə Amerikada koloniya verməklə həm bu ipə-sapa yatmayan gəncdən və onun Kveyker dindaşlarından yaxasını qurtarar, həm də gəncin atasına olan borcunu birdəfəlik ödəmiş olar.

Penn Amerikaya yetişəndə və sonradan Filadefliya şəhərinə çevriləcək şəhərin əsasını qoyanda artıq onun formalaşmış dünyagörüşü var idi. Və bu dünyagörüşü tam şəkildə Kveykerlərin tolerantlıq və bərabərlik prinsiplərini özündə əks etdirirdi.

Şübhəsiz, Penn yer üzündə etiqada əsaslanan cənnət yaratmağa can atan yeganə şəxs olmayıb. Lakin Pennin fəlsəfəsi və atdığı addımlar ondan əvvəlkilər və sonra gələnlərdən xeyli fərqlənirdi.

4 iyul Amerika koloniyalarının istiqlal bəyannaməsi Filadelfiya şəhərində 'İstiqlaliyyət Zalı' adlanan bu binada imzalanıb və ilk dəfə olaraq ictimaiyyət qarşısında oxunub.

Pennin etiqada və idarəçiliyə baxışları hətta dini təqiblərdən qaçmış puritanlarınkından fərqlənirdi. Belə ki, Yeni İngiltərədə (şimal koloniyalarında) məskunlaşmış puritanlar öz dünya görüşlərində heç də İngiltərənin mühafizəkar çoxluğundan geri qalmırdılar. İş o həddə çatmışdı ki, İngiltərə kralı şəxsən özü puritanlara onların ələ keçirdikləri Kveykerləri asmağı qadağan etmişdi.

Siyasi-dini təqiblərin onda dərin iz buraxdığı Vilyam Pennin sahibi olduğu koloniyada birinci qoyduğu qayda din azadlığı oldu. Pennin hakim olduğu məkanda hər kəs istədiyi formada, istədiyi dinə, tanrıya sitayiş etməkdə sərbəst idi.

Çoxlarına bu elə də unikal addım kimi görünməyə bilər, ancaq dinlərarası müharibələrlə, qətliam və qırğınlarla səciyyələnən 17-ci əsrdə bu ideya az qala absurd idi. Bəlkə də bəzilərinin gözündə daha pis – inqilabi bir ideya idi.

ABŞ siyasi sisteminin təməl prinsipləri sayılan ifadə, din və toplaşma azadlıqları Vilyam Pennin öz koloniyasında qurduğu idarəçilik prinsiplərindən ilham alıb.

Pennin əsasını qoyduğu Pennsilvaniya Hökumət Çərçivəsi adlı sənəd koloniya sakinlərinə və yeni mühacirlərə misli görünməmiş azadlıqlar bəxş etmişdi. Həmin sənəd eyni zamanda bir vaxtlar Amerika Birləşmiş Ştatlarına çeriləcək dövlətin toxumu idi.

Koloniyalar arasında vəhdətə tərəfdar olan Vilyam Penn eyni zamanda hakimiyyət bölgüsünü rəhbər tuturdu. O, bir adamın rifahının bütöv bir ölkənin rifahından üstün tutulmasına, yaxud ona maneə olmasına qarşı çıxırdı.

Maariflənmə dövrünün ən görkəmli xadimlərindən olan mütəfəkkir Volter uzaq Fransada Pennin “yer üzərində qızıl dövran”a təkan verdiyini yazırdı. Elə bir qızıl dövran ki, “Tanrı dərhagından başqa heç yerdə mövcud olmayıb.”

Vilyam Pennin vizyonu sayəsində Pennsilvaniya həqiqətən də bir qəsəbədə 12 müxtəlif təriqətə məxsus kilsələrin mövcud olduğu, misli görünməmiş tolerant bir məkana çevrildi. Və söhbət təkcə müxtəlif təriqətlərdən getmirdi. Avropanın bir çox nöqtələrindən müxtəlif millətlərin nümayəndələri, ələlxüsus dini müharibələrdən canlarını qurtarmış almanlar Pennsilvaniyaya kütləvi şəkildə üz tutdular.

19-cu əsrdə Cənub ştatlarındakı qulların Şimala qaçırılaraq azad edilməsində Vilyam Pennin dindaşları Kveykerlər önəmli rol oynayırdı.

Cəmi bir ilin içərisində təşəkkül tapan Filadefiyanın əhalisi Amerikada ən qədim ingilis məskunlaşması olan Virciniyada (1607) istənilən qəsəbənin həcmini üstələmişdi. 150 evlə başlayan Filadefliya şəhəri qısa bir zaman kəsiyində Bostondan sonra Amerikanın ikinci ən iri şəhərinə çevrildi.

1776-cı ilin iyulunda İngiltərə kralına etiraz edən 13 koloniyanın nümayəndələri bir araya gəlmək üçün məhz Pennsilvaniyanın Filadelfiya şəhərini seçmişdilər. İstiqlaliyyət Müharibəsindəki qələbədən az sonra yenicə yaranmış respublikanın konstitutsiyasının müzakirəsi də Filadelfiya şəhərində baş verdi. Çoxlarının Konstitutsional Qurultay kimi tanıdığı tarixi olay həmin vaxt Filadelfiya Qurultayı adlanırdı.

Həmin bu şəhərdə sonradan dünyanın dörd küncünə yayılacaq ifadə, din, toplaşma azadlıqları ideyaları dövlətin təməl prinsipləri olaraq təsbit edildi. Bu ideyalar konstitutsiyada öz əksini tapmazdan xeyli əvvəl də artıq Pennin əsasını qoyduğu koloniyada icra olunurdu.

İstiqaliliyyətin qazanılması və Konstitusional azadlıqların bərqərar olması bir gecənin içərisində Amerikanın problemlərini həll etmədi. Dəhşətli quldardlıq institutunun mövcud olduğu cənub koloniyalarında afrikalı-amerikalıların bərabərhüquqlu fərdlər kimi qəbul edilməsinə ciddi müqavimət var idi.

Gettysburg, Pennsilvaniya - Vətəndaş Müharibəsinin həlledici döyüş meydanı. 1-3 iyul, 1863. Birləşmiş Ştatların vahid dövlət kimi saxlanılması və qulların azad edilməsi üçün aparılan mücadilədə pennsilvaniyalılar İttifaq qüvvələrinin üçdə birini təşkil edirdi.

İstiqlaliyyət əldə olunandan sonrakı on illər ərzində qulların azad edilməsinə həsr olunmuş abolisionistlər hərəkatının önündə Vilyam Pennin dindaşları olan Kveykerlər gedirdi. Amerikanı azad və quldar hissələrə ayıran Meyson-Dikson xəttinə (Pennsilvaniya-Merilend sərhədi) yaxın ərazilərdə məskunlaşmaları qullara azadlıq bəxş etməyə can atan Kveykerlər üçün bir fürsətə çevrilmişdi.

Bəlkə də gözlənilən idi ki, istiqlaliyyətin qazanılmasından bir əsr sonra Pennsilvaniya yenidən Amerika və dünya tarixində cahanşümul rol oynayacaqdı.

1863-cü il, 1 iyulda quldarlığı qoruyub saxlamaq əzmində olan Cənub Konfederasiya orduları Prezident Abraham Linkolnu ABŞ-ın parçalanmasına razı salmaq üçün Pennsilvaniya ştatına daxil oldular. Pennsilvaniyanın Gettysburg şəhəri yaxınlığında üç gün davam edən şiddətli döyüşlərdə İttifaq qüvvələri cənublular və onların təşviq etdikləri quldarlıq praktikası üzərində həlledici qələbə çaldılar. Həmin bu torpaqlarda Vilyam Pennin davamçıları “xalqın, xalq tərəfindən, xalq üçün” yaradılmış hökumətin süquta uğramasına imkan vermədilər.