“Adətən 4 iyul Müstəqillik Günü haqda düşünəndə, xəyalımıza azadlıqlar gəlir. Biz Tomas Ceffersonun bütün insanlara “Yaradanın toxunulmaz hüquqlar bəxş etdiyi” barədə məşhur deyimini xatırlayırıq,” Cey Kost Milli İcmal dərgisində yazır. Ancaq müəllifin sözlərinə görə, İstiqlal Bəyannaməsi habelə çox vaxt nəzərdən qaçan başqa inqilabi ideyanı-xalq hakimiyyəti ideyasını təşviq edir.
Müasir zəmanədə hakimiyyətin mənbəyinin xalq olması aforizmə çevrilib. Nadir istisnalarla, sözdə də olsa, heç bir hökumət hakimiyyətin xalqa mənsub olduğunu danmır. Amma bu, heç də həmişə belə olmayıb.
Amerika yeganə yer idi ki, burada YALNIZ xalqın hakimiyyət üzərində nəzarətə sahib olması ideyası çiçəklənməyə başladı.
“Bəşər tarixinin əksər kəsimində hökumətlər güclünün zəif üzərində, varlının yoxsul üzərində hakimiyyət haqqına sahib olması prinsipi üzərində formalaşıblar,” Kost yazır. Roma İmperiyası süquta uğradıqdan sonra xristian sivilizasiyası boyu hökmdarlara yerdə Tanrının iradəsini icra edən və hakimiyyətə bu əsasla haqq etmiş şəxsiyyətlər kimi baxılırdı. Lakin Ceyms Madisonun sözləri ilə desək, Tanrı xeyir-duası bir çox hökmdarları zillət və qəddarlıqdan çəkindirmədi.
Maariflənmə Dövrü həmin bu siyasi düzənə qarşı ilk atəşlərin açılmasına zəmin yaratdı. Florentin Respublikası, Bolinqbrouk Birliyi ənənəsi, və daha sonra Con Lok və David Hyumun liberalizmi o ideyaya əsaslanırdı ki, hökumət bu və ya digər şəkildə xalqın iradəsini nəzərə almalıdır – xalqın siyasi prosesdə sözü olmalıdır.
“Lakin Amerika yeganə yer idi ki, burada YALNIZ xalqın hakimiyyət üzərində nəzarətə sahib olması ideyası çiçəklənməyə başladı.” Kost yazır. “Söhbət hakimiyyətin çoxluqla azlıq, yaxud zadəganlarla rəiyyət arasında paylaşımından getmirdi. Hökumətin legitimliyi bir tək xalqın razılığından qaynaqlanırdı. Vəssalam!”
Təsadüfi deyil ki, Tomas Ceffersonun müəllifi olduğu İstiqlal Bəyannaməsi təkcə fərdlərin hüquqları haqda anons verməklə deyil, həmçinin hökumətin zora yox, xalqın razılığına əsaslanmasını təsbit etməklə başlayır.
İnqilabi deklarasiya həmin vaxt Amerikanı idarə edən İngiltərə kralı III Corcun özbaşınalıqlarını sadalamaqla və nəhayət yeni siyasi quruluşa ehtiyac yaranması ilə müşayiət olunur.
“Cefferson hesab edirdi ki, kral Tanrının xeyir-duası ilə yox, xalqın razılığı ilə ölkəni idarə edir. Ona görə də onun hakimiyyətinin legitimliyi xalqa və yalnız xalqa əsaslanır.” Kost yazır. Əbəs yerə Ceyms Madison 1791-ci ildə yazmırdı: “İctimai rəy hər hökumətə sərhəd qoyur və hər bir azad quruluşda həqiqi hakim odur.”
Kost inkar etmir ki, 1776-cı ildə İstiqlal Bəyannaməsində əks olunan idealların ABŞ-ın siyasi reallığında öz əksini tapması xeyli vaxt apardı. Bu Bəyannaməni imzalayanların çoxu Amerikanın mülkədar və tacir zümrəsinə mənsub idilər. Ölkənin əksər hissələrində quldarlıq mövcud idi.