“Onlara toxunsaz, sizi yandırırlar,” deyə taqətdən düşmüş amma əzmkarlığını qoruyub saxlayan türk jurnalist Əhməd Sıx New York Times qəzetinin müxbirinə söyləyir. “İstər jurnalist, istər ziyalı, istərsə də insan haqları fəalı ol, əgər onları tənqid etsən, səni narkoman yaxud terrorist olmaqda ittiham edəcəklər.” Söhbət Amerikada yaşayan dindar lider Fətullah Gülənin Türkiyədəki tərəfdarlarından gedir. Pennsilvaniya ştatının sakininin doğma vətəni Türkiyədə bu dərəcədə qüvvəyə malik olması çoxlarında sual doğura bilər. Amma “İmamın Ordusu” kitabının müəllifi olan Əhməd üçün bu, yaşanılmış həqiqətdir. Gülən hərəkatı haqda yazdığı kitaba görə Əhməd bir il həbsxanada saxlandıqdan sonra bu yaxınlarda azadlığa çıxıb.
70 yaşlı xarizmatik lider hazırda dünyada ən nüfuzlu İslam hərəkatlarından birinə rəhbərlik edir. Onun dünya miqyasında milyonlarla tərəfdarı və 140 ölkədə məktəbləri var. Təkcə Amerikada, 26 ştatda Fətullah Gülənin himayəsi altında 131 orta məktəb və kollec fəaliyyət göstərir ki, bu da artan sayda amerikalıları təşvişə salmağa başlayıb. “İctimai Məktəblərdə Xüsusi Maraqların Lobbiçiliyi Əleyhinə Vətəndaşlar” adlanan qurum konspirativ xarakterli və qapalı şəkildə fəaliyyət göstərən Gülən hərəkatını Amerikada təhsil sisteminə və ümumən dünyada azadlığa təhlükə kimi qiymətləndirir. Qrupun verdiyi məlumata görə ötən illər ərzində Gülən hərəkatı barədə araşdırma aparmış jurnalistlər müəmmalı şəkildə qətlə yetirilmiş, həbs olunmuş, yaxud fiziki hücumlara məruz qalmışlar.
Özü–özlüyündə gülənçilərin fəaliyyətində ikrah hissi doğuracaq əməllər çox elə nəzərə çarpmır. Əslində öz fəaliyyət metodlarında Gülən hərəkatı daha çox amerikalı xristian tədris qurumlarını xatırladır. Gülənçilərin açdıqları məktəblərdə şagirdlərə ələlxüsus riyaziyyat və dəqiq elmlər sahəsində yaxşı təhsil verilir, və əksər mədrəsələrdən fərqli olaraq uşaqların başları mövhumatla doldurulmur. Amma onu bu növ humanitar şəbəkələrdən radikal şəkildə fərqləndirən başlıca cəhətlər təşkilatın sırf bir adamın adı ilə bağlı olması, təşkilatın qapalı mahiyyəti və onu tənqid edənlərin aqibətləridir. Bəşəri prinsiplərə xidmət etdiyini iddia edən hərəkatın öz əleyhdarları ilə bu şəkildə davranması – “Məqsəd vasitələrə haqq qazandırır!” prinsipinə riayət etməsi onun uzun dönəmdə mənfəəti ilə bağlı suallar doğurur.
Mən yeniyetmə yaşlarımda Pennsilvaniya ştatında yaşayarkən öyrənmişdim ki, ştatın adı Vilyam Penn adlanan ingilis zadəganından qaynaqlanır.