1940-cı illərdə məşhur psixoloq Abraham Maslou ehtiyaclar piramidası adlanan bir nəzəriyyə ilə çıxış etmişdi ki, bu piramidada insan ehtiyacları ierarxik struktura tabe edilir. Masloun fikrincə insanın ən ümdə ehtiyacı fiziki (yemək, yatmaq, sığınacaq), daha sonra təhlükəsizlik (sağlamlıq, sosial sabitlik, iş), məhəbbət və mənsubiyyət (ailə, dostlar), və özünə inamdır (nailiyyətlər, başqalarının hörməti). Ən uca pillədə isə insanın özünü aktuallaşdırması dayanır ki, bu anlama əsasən başqa bütün ehtiyaclarını ödəmiş adam kreativ potensialından yararlanmağa başlayır. Bir sözlə, ürəyi istəyəni edir.
Masloun nəzəriyyəsinə çoxları Qərb cəmiyyətinə şamil ediləcək bir konsept kimi baxırlar. Amma avtoritarizmin kök saldığı məkanlarda bu piramida özünü daha bariz nəzərə çarpır. Maraqlıdır ki, piramida anlayışının özü yüz minlərlə insanın həyatı bahasına tikilmiş Misir ehramlarından qaynaqlanır. Amma fironlar təkcə Misir tarixinin bir parçası deyillər. Müasir tarixdə diqqəti cəlb edən fironlar da özlərini aktuallaşdırmaqla tarixə düşüblər. Məsələn Rusiya imperatoru Böyük Pyotr. Pyotrun ən böyük nailiyyətlərindən biri Sankt Peterburq şəhərinin inşası idi. Avtokrat lider imperiya paytaxtını Avropanın bir addımlığına köçürməklə Rusiyanın üzünü Qərbə çevirmək istəyirdi. İntəhası, adətən çay sahillərində tədricən və təbii qaydada təşəkkül tapan Qərb şəhərlərindən fərqli olaraq Peterburq tamamilə əlverişsiz, bataqlıq bir ərazidə tikilirdi. Üstəgəl, şəhəri onun gələcək sakinləri deyil, prosesdə milçək kimi qırılan təhkimçi qullar inşa edirdilər. Əlbəttə, Rusiyanı Qərbləşdirməkdə qəti olan Pyotr öz əməllərindəki aşkar ironiyanı sezmirdi.
Pyotrun vəfatından iki əsr sonra qanlı inqilabın hakimiyyətə gətirdiyi Sovetlər də təqribən eyni xətti tutmuşdular. Bütün anti-kapitalist və anti-Qərb şüarlarına baxmayaraq İosif Stalin dünyanın artıq o zaman ən qabaqcıl dövləti sayılan Amerikaya həsəd aparırdı və çalışırdı ki, onun qurduğu Sovet dövləti də texnoloji inkişafda ABŞ-a oxşasın. Stalin aclıq çəkən Sovet vətəndaşlarının boğazından kəsib taxılı xarici bazarda satır və əldə etdiyi valyuta ilə Sovet İttifaqına amerikalı mühəndislər və texniki ekspertlər gətirirdi. 1920-30-cu illərdə amerikalı mühəndislər Sovet İttifaqında əksər sənayelərin ərsəyə gəlməsində fundamental rol oynadılar. Amma tarixdən bildiyimiz kimi, Sovet İttifaqı heç vaxt ABŞ olmadı. Süd və ət kimi adi ərzaq məhsullarının qıt olduğu SSRİ material çatışmazlıq girdabında 1991-ci ildə süqut etdi.
Təsadüfi deyil ki, Rusiyanın tiranik irsini paylaşan ölkələr hətta müasir zəmanədə eyni problemlərlə üzləşməkdə davam edirlər. İstibdad altında inləyən bu ölkələrdə Masloun ehtiyaclar pilləsinin zirvəsinə yüksəlmiş tiranlar çox vaxt insan cəmiyyətlərini oyuncaq evciklərlə səhv salırlar. Onlara elə gəlir ki, yuxarıdan göstəriş verməklə, məhz xarici firmaların labüd iştirakı ilə dəbdəbəli göydələnlər, otellər, stadionlar inşa etməklə cəmiyyətlərini irəli aparırlar. Həqiqətdə isə Qərbin imitasiyası gedir. Başa düşülmür ki, insanı azad, hökmlü olmayan cəmiyyətdə qurulan hər şey səthi xarakter daşıyır. Bəlkə elə bu üzdən 19-cu əsrin əvvəlində Rusiyaya səyahət etmiş fransız zadəgan Markiz de Küstin Rusiyanı “fasadlar ölkəsi” adlandırmışdı.