Amnesty International: Leyla Yunus vicdan məhbusudur

Amnesty İntrenational təşkilatının Leyla Yunusla bağlı məlumatı

Norveç İnsan Hüquqları Evi Fondu hüquq müdafiəçisi Leyla Yunusun həbsini və onun həyat yoldaşı Arif Yunusun təqib edilməsini pisləyib

Amnesty İnternational hüquq müdafiəçisi Leyla Yunusu vicdan məhbusu elan edib.

Təşkilatın rəsmi saytının məlumatında Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun üzləşdiyi təzyiq dalğasından, onların ötən gün saxlanılmasından və hüquq müdafiəçisinin 3 aylıq istintaq müddəti üçün həbs ediməsindən bəhs olunur.

Amnesty İnternational Azərbaycan prezidenti İlham Əliyev və baş prokuror Zakir Qaralova Leyla Yunusun həbsdən dərhal azad edilməsi ilə bağlı məktub ünvanlayıb.

***

Norveç İnsan Hüquqları Evi Fondu hüquq müdafiəçisi Leyla Yunusun həbsini və onun həyat yoldaşı Arif Yunusun təqib edilməsini pisləyib.

Təşkilatın bəyanatında bu həbs Azərbaycanda insan hüquqları müdafiəçilərinə və fəallara qarşı görünməmiş “repressiya dalğası”nın bir hissəsi adlandırılır.

“Əgər Leyla Yunus və Arif Yunusa qarşı ittihamlar “təsdiqlənərsə”, Azərbaycanda daha bir siyasi motivli həbs olacaq”, - bəyanatda vurğulanır.

***

Hüquq müdafiəçisi Leyla Yunusun həbsi Azərbaycanda insan hüquqlarının ağır vəziyyətinə yeni nümunədir. Bu barədə beynəlxalq Amnesty International təşkilatının bəyanatında deyilir.

“Leyla Yunus uzun müddət hökumətin təhdid və hədə-qorxu ilə susdurmağa cəhd etdiyi müstəqil səs idi. Buna nail olmadıqları üçün hökuməti tənqid etdiyinə görə onu uydurma ittihamla həbs etdilər”, - təşkilatın nümayəndəsi Natalya Nozadze bildirib.

Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinin sədri olmasına baxmayaraq, ölkədə hüquq müdafiəçilərinin təqib olunması davam edir.

İyulun 30-da məhkəmə L.Yunusu üç ay müddətinə həbs edib. Onun həyat yoldaşı A.Yunusun sərbəst hərəkəti məhdudlaşdırılıb.

Hakimiyyət Leyla və Arif Yunusları dövlətə xəyanətdə, dələduzluqda və vergidən yayınmada ittiham edib.

Amnesty International hesab edir ki, L. və A.Yunuslara qarşı ittihamlar saxtalaşdırılıb və L.Yunusun fəaliyyətinə görə təqib olunması prosesinin tərkib hissəsidir.

L.Yunus ötən həftə mətbuat konfransı təşkil edərək ölkədə insan hüquqları pozulduğundan 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarını boykota çağırıb.

Həbsindən əvvəl Ermənistanın xeyrinə casusluqda ittiham olunan jurnalist Rauf Mirqədirova qarşı cinayət işi ilə əlaqədar müntəzəm olaraq prokurorluğa çağırılıb.

"Bu günkü həbs ölkədə müntəzəm tənqidi səslərin amansız yatırılmasının başqa bir nümunəsidir. Avropa Şurasının üzvləri Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı bu ölkənin hakimiyyətinə etiraz etməlidir”, -N. Nozadze bildirib.

Hazırda Amnesty International ölkədə ən azı 19 vicdan məhbusunun olduğunu qeyd edir. Onlar öz fikrinin dinc ifadə olunmasına görə həbs ediliblər.