Bərdədə özünü yandıran kimdir?

Özünü yandıran insan

Maarif Vəliyevin özünü yandırmasının səbəbləri bəlli deyil
Yerli media Bərdə rayonunun (Bakıdan 320 kilometr şimal-qərb) Alpoud kənd sakininin ötən gün axşam saatlarında özünü Bərdə rayon icra hakimiyyətinin binası qarşısında yandırdığı barədə məlumat yayıb.

Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Rəna Mustafayeva Amerikanın Səsinə bildirib ki, həqiqətən rayon xəstəxanasına yanvarın 27-də axşam saatlarında aşağı ətrafın termiki yanığı diaqnozu ilə xəstə daxil olub.

“Onun həyatı üçün təhlükə yoxdur. Xəstə Vəliyev Maarif Əvəz oğlu hazırda həkim nəzarəti altındadır, müalicəsini davam etdirir. O Tərtər rayonunun Köçərli kəndində qeydiyyatdadır”, o qeyd edib.

Baş həkimin müavini xəstənin harada və hansı şəraitdə yanması ilə bağlı məlumat verməyib.
Vəliyevin haradan xəstəxanaya gətirildiyi barədə də məlumata malik olmadıqlarını bildirib.

Maarif Vəliyev Tərtər rayonunun Köçərli kəndində qeydiyyatda olsa da Bərdə rayonunun Kələntərli, sonra isə Alpoud kəndlərində kirayədə yaşayıb.

Öz növbəsində Bərdə rayon Polis Şöbəsinin növbətçi hissəsindən, Alpoud bələdiyyəsinin sədri və Alpoud kəndinin sahə müvəkkili Alpoud kənd sakininin rayon icra hakimiyyətinin binası qarşısında özünü yandırması ilə bağlı məlumata malik olmadıqlarını bildiriblər.

Maarif Vəliyevin hazırda olduğu Bərdə rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsindən xəstənin səhhətinin normal olduğunu desələr də onun telefonla danışmaq üçün gələ bilmədiyi məlum olub.

“Maarif telefona gələ bilməz. O hazırda çox hirslidir”, deyə şöbənin növbətçi telefonunda oturan adını deməkdən imtina edən tibb işçisi xanım Amerikanın Səsinə bildirib.

Növbətçi tibb işçisi Maarif Vəliyevin mobil telefonunu ondan istəmək xahişinə də məhəl qoymayıb.

“Maarif mobil telefonunun nömrəsini bilmir”, deyərək o telefonu qapadıb.

Səhiyyə Nazirliyinin mətbuat xidməti xəstənin özünü yandırdığını təsdiq edib.

“Xəstənin həyatı üçün təhlükə yoxdur. Hazırda istintaq gedir. İstintaq xəstənin özünü yandırmasının səbəblərini araşdırır”, deyə mətbuat xidmətinin əməkdaşı Amerikanın Səsinə qeyd edib.