Azərbaycan Aİ-95 markalı benzinin istehsalını dayandırır

ARDNŞ prezidenti Rövnəq Abdullayev

ARDNŞ bununla bağlı hökumətə müraciət edib
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ölkə hökumətinə Аİ-95 benzininin istehsalını dayandırmaq və tam şəkildə Аİ-92 benzininin istehsalına keçməklə bağlı təkliflə müraciət edib. Trend agentliyinin məlumatına görə, bunu fevralın11-də jurnalistlərə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib.

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə 92 və 95 oktan ədədli mühərrik benzini markalarının idxalı müvafiq olaraq gömrük rüsumundan azad edilib. Qərara əsasən, rüsum dərəcələri 15 faizdən sıfıra endirilib.

Nazirlər Kabinetinin digər qərarı ilə bu markadan olan benzinlərin idxalı üzrə aksiz dərəcələri 1 tona görə 250-dən 1 dollaradək azaldılıb.

Qərar 2014-cü il iyunun 1-dək qüvvədədir.

Azərbaycanda neft məhsullarının qiymətləri Tarif Şurası tərəfindən müəyyən edilir. Tarif Şurasının qərarı ilə 2013-cü il dekabrın 3-dən benzinin pərakəndə qiyməti artırıb.

Belə ki, Aİ-95 benzininin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik müəyyən edilib.

Buna qədər 1 litr Aİ-95 markalı benzinin qiyməti 60 qəpik, Aİ-92 və Aİ-80 markalı benzinlərinin hər birinin qiyməti isə 55 qəpik təşkil edib. Azərbaycanda bunda qədər yanacağın qiymətləri 2007-ci ildə dəyişmişdi.

Azərbaycanda neft məhsulları Bakının iki Neft Emalı Zavodunun bazasında istehsal edilir. Hər iki zavodun birgə gücü ildə 16 milyon ton neft təşkil edir.