Bakıda V Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək

Bakıda V Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək

Festival Lourens Fosterin dirijorluğu ilə dünyanın ən yaxşı orkestrlərindən olan De Pari Orkestrinin solistlərinin konserti ilə yekunlaşacaq.

Dekabrın 4-10-da Bakıda V Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək. Festivalın təşkilatçıları H.Əliyev Fondu, Mstislav Rostropoviç Fondu, Mədəniyyət və Turizm Nazirliyidir. Festivalda Viktor Tretyakov, İqnat Soljenitsın, Jan İv Tibode (fortepiano, Fransa), Georq Niql (bariton, Avstriya), Dmitri Yurovskinin dirijorluğu ilə Flamand Opera Teatrı (Antverpen) kimi dünyanın məşhur musiqiçiləri və musiqi kollektivləri iştirak edəcəklər. Festivalda, həmçinin Mstislav Rostropoviç adına Nijeqorod Dövlət Akademik Filarmoniyası Simfonik Orkestrinin Aleksandr Skulskinin dirijorluğu ilə geniş konsert proqramı təşkil olunacaq. Bakı festivalının daha bir ənənəsi böyük Mstislav Rostropoviçin davamçıları olan istedadlı gənclərin çıxışlarıdır. Bu dəfə yaradıcı gəncliyi Mstislav Rostropoviç Fondunun təqaüdçüsü Vsevolod Quzov (violonçel), Qalina Vişnevskaya Opera Mərkəzinin solistləri, Poznanda keçirilmiş H.Venyavski adına 14-cü beynəlxalq skripkaçılar müsabiqəsinin qalibi So-Yanq-Yunq (Koreya Respublikası) təmsil edəcəklər. Möhtəşəm festivalda əməkdar artist Murad Adıgözəlzadə, həmçinin Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışları nəzərdə tutulub. Festival Lourens Fosterin dirijorluğu ilə dünyanın ən yaxşı orkestrlərindən olan De Pari Orkestrinin solistlərinin konserti ilə yekunlaşacaq.