Bakıda İran rejiminə qarşı etiraz aksiyası keçirilib

Bakıda İran rejiminə qarşı etiraz aksiyası keçirilib

DAK rəsmi Tehrandan Güney Azərbaycan türklərinin hüquqlarının pozulmasına son qoyulmasını, ana dilində məktəblərin açılmasını, qəzet-jurnal nəşrini təmin etməyi, Urmiyə gölünün qurudulmasının qarşısının alınmasını tələb edir.

Dünya Azərbaycanlıları Konqresinin (DAK) bir qrup fəalı İranın Azərbaycan səfirliyinin qarşısında piket keçirməyə cəhd edib. Aksiyaya həmçinin DAK həmsədrləri Sabir Rüstəmxanlı, Firudin Pərvizniya, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə qatılıb.

Polis piketçiləri İran səfirliyinin qarşısına buraxmayıb.

Bununla belə, DAK təmsilçiləri aksiyanın qətnaməsini səsləndirib. Sənəddə İran hökuməti Güney Azərbaycan türklərinə münasibətdə sərt siyasətini davam etdirməkdə, onları əsir halında saxlamaqda ittiham edilir. Güney Azərbaycanın şəhər və kəndlərinin inkişafına imkan verilmədiyi, azərbaycanlıların işsizlik üzündən kütləvi şəkildə qürbətə üz tutduğu xatırladılır. Bununla yanaşı, Urmiyə gölünün qurudulmasına etiraz olaraq keçirilən aksiyalarda iştiraka görə azərbaycanlılara divan tutulması pislənilir, gölün qurumasının bütün bölgə üçün dəhşətli ekoloji faciələr törədəcəyi qeyd olunur.

DAK rəsmi Tehrandan Güney Azərbaycan türklərinin hüquqlarının pozulmasına son qoyulmasını, ana dilində məktəblərin açılmasını, qəzet-jurnal nəşrini təmin etməyi, Urmiyə gölünün qurudulmasının qarşısının alınmasını, etiraz aksiyalarında iştiraka görə həbs edilənlərin dərhal azadlığa buraxılmasını, Azərbaycan dövləti əleyhinə təbliğata son qoymasını tələb edir.