Bakı-Tbilisi-Qars dəmir yolu 2013-cü ildə istismara veriləcək

Dəmir yolunun tikintisinə 2007-ci ilin noyabrından başlanıb

Azərbaycan, Gürcüstan və Türkiyənin dəmiryol sisteminin birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu 2013-cü ildə tam istismara veriləcək. Bu barədə Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, Türkiyə tərəfi işləri ilin sonunadək başa çatdırmaq üçün bütün tədbirləri həyata keçirir.

Türkiyənin Qars vilayətinin valisi Əhməd Kara isə dünən deyib ki, bütün türk dünyası və Avrasiya məkanı üçün mühüm əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolunun 76 kilometrlik Türkiyə hissəsində tikinti işlərinin 98 faizi tamamlanıb, tunellər, torpaq və qazma işləri bitmək üzrədir. Dəmir yolu reyslərinin döşənməsi üçün yeni tender keçiriləcək.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə 2007-ci il noyabrın 21-də start verilib.