Azərbaycan, Gürcüstan və Türkiyə dövlət başçıları Bakı-Tbilisi-Qars dəmiryol layihəsi üzrə üçtərəfli müqaviləyə imza atıb. Layihənin həyata keçirilməsindən sonra Xəzər dənizi və Qara dəniz arasında dəmiryol nəqliyyatı mümkün olacaq ki, bu da marşrut üzərindəki üç ölkəyə geniş transit və ticarət imkanları yaradır.
İlkin texniki əsaslandırma zamanı dəyəri 360 milyon dollar qiymətləndirilən layihənin son sənəddə qiyməti 450 milyon dollar göstərilir.
İmzalanma mərasimindən sonra çıxış edən İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Mixail Saakaşvili dəmiryol layihəsinin regional inkişafa və regionda sülhün bərqərar olmasına ciddi təsir edəcəyini deyib.
Tbilisidəki Strateji və Beynəlxalq Araşdırmalar Fondunun vitse prezidenti Temuri Yakobaşvili layihənin əhəmiyyətinin böyük olduğunu deyir:
"Biz bu layihəni üç ölkə rəhbərlərinin Qafqaz dünya bazarlarına bağlamaq kimi geniş bir görüşünün tərkib hissəsi olaraq görməliyik. Artıq Bakı-Tbilisi-Ceyhan və inşası davam edən Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinə indi bir dəmiryolu layihəsi də əlavə olunacaq. Bu layihələr həm də üç ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək".
Qeyd edək ki, bir müddət öncə Qars – Axalkalaki Bakı dəmiryolu layihəsinin Amerika bankları tərəfindən maliyyələşdirilməsinə qadağa qoyan qanun təsdiq olunmaq üçün Ağ evə təqdim olunub. Temuri Yakobaşvili bunun dəmiryol proyektinin həyata keçirilməsinə heç bir təsiri olmadığını deyir:
“Gördüyümüz kimi, heç bir şey baş vermədi. Üç ölkə razılaşmanı imzaladı və layihənin gerçəkləşməsi üçün maliyyə qeyri-ABŞ fondlarından toplanacaqdır. Azərbaycan dəmiryol layihəsinin Gürcüstan hissəsinin maliyyələşdirilməsi üçün 220 milyon dollar kredit ayırır. Məncə bu halda lobbi təşkilatlarının destruktiv fəaliyyəti Birləşmiş Ştatları infrastruktur layihələrindən kənarda qoyub.
Mən burada Ermənistan dövlətinin və Ermənistan deiaspor təşkilatlatrının maraqlarını fərqləndirərdim. Məncə burada bu maraqlar üst-üstə düşməyib. Ermənistanın indi də olmasa, gələcəkdə geniş regional layihələrdə iştirakını nəzərə almaq lazımdır. İndi bu baş vermir, amma gələcəkdə, gec ya tez, bu mümkün olacaq. Mən Birləşmiş Ştatların layihədə iştirakına qadağa qoymaqdansa, Errmənistanın regional layihələrə qoşulması istiqamətində faəliyyəti faydalı sayardım.”
Ermənistanın regional əməkdaşlıqda iştirakı isə Temuri Yakobaşvilinin sözlərinə görə xoşməramlı siyasi iradəyə bağlıdır:
“İndiki məqamda əlbəttə bu mümkün deyil, amma xoşməramlı siyasi iradə olarsa, hər şey mümkün olar. Gec ya tez o məqam gələcək. Ermənistan və Azərbaycan Qarabağ münaqişəsinin açarını tapacaq, Türkiyə və Ermənistan aralarındakı problemləri çözəcək. Burada vaxtın önəmi var. Tez baş verərsə, bu Ermənistanın xeyrinədir, əgər daha gec baş verərsə, ödənəcək qiymət də daha baha olacaq.”
O ki qaldı Bakı Tbilisi-Qars dəmiryol layihəsinin Azərbaycana verəcəyi iqtisadi üstünlüyə, ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktorunun müavini Taleh Ziyadovun sözlərinə görə, Bakı limanlarından birində azad iqtisadi zonanın yaradılması və Qazaxıstanın da bu nəqliyyat koridoruna qoşulması ilə Azərbaycan Çinlə Avropa arasında transit ölkə kimi böyük qazanc əldə edə bilər.
Lakin Azərbaycanda azad iqtisadi zonaların yaradılması ilə bağlı məsələlərin yaxın müddət ərzində həllini tapacağı şübhəli görünür. Belə ki, iqtisadi inkişaf naziri Heydər Babayev bu həftə jurnalistlərlə söhbətində azad zonaların yaradılması üçün qanuni bazanın olmadığını əsas gətirərək, bu layihələrin həyata keçirilmədiyini deyib.