Qubad İbadoğlu: Azərbaycan höküməti korrupsiya ilə mübarizənin imitasiyasını edir

Your browser doesn’t support HTML5

Qubad İbadoğlu: Azərbaycan höküməti korrupsiya ilə mübarizənin imitasiyasını edir

ABŞ-ın Rutgers universitetinin professoru Qubad İbadoğlu Azərbaycanın 2018-ci ilin korrupsiya indeksində 30 pillə geriləyərək, 180 ölkə arasında 152-ci yerə düşməsini şərh edir.

Qubaq İbadoğlu Azərbaycanın bu il beynəlxalq şəffaflıq təşkilatı olan Transparency International yanvarın 29-da açıqladığı Korrupsiyanı Qavrama İndeksində 30 pillə geriləməsini belə izah edir.

Azərbaycan dünyanın ən çox korrupsiyalaşmış 28 ölkəsi arasındadır.

""Azərbaycanın pulyuyan maşını" adlı hesabatın dərc olunması, Azərbaycanda korrupsiyanın ölkə səviyyəsindən kənara çıxması və qloballaşması buna əsas təsir göstərən amillərdən olub. Bununla yanaşı, Azərbaycanda müstəqil vətəndaş cəmiyyətinin fəaliyyətinə imkan yaradılmaması, Azərbaycanda azad mətbuatın boğulması, jurnalistlərin həbs olunması da əsas səbəblərdən biridir.

Demokratiya və Rifah Hərəkatının rəhbəri əlavə edib ki, Azərbaycanda korrupsiyanın vəziyyətinin pisləşməsi həm də ölkənin daxilindəki hökümətyönlü təşkilatların korrupsiya ilə mübarizə imitasiyası yaratması ilə bağlıdır.

"Çox yalançı, əsası, arqumenti olmayan monitorinq hesabları açıqlanır və belə bir rəy yaradılır ki, guya Azərbaycanda korrupsiyaya qarşı mübarizə var və bu mübarizənin sosial nəticələri təqdim olunur. Halbuki, müstəqil qiymətləndirmələr onu göstərir ki, Azərbaycanda həqiqətən korrupsiyaya qarşı mübarizə getdikcə səngiyir və bunun da əsas səbəblərindən biri ölkədə siyasi iradənin olmaması ilə əlaqədardır."

Belə bir rəy yaradılır ki, guya Azərbaycanda korrupsiyaya qarşı mübarizə var.

İqtisadçı-ekspert əlavə edib ki, hesabatdakı belə sıçrayışlı dəyişiklik xüsusilə investisiya mühütünə təsirsiz ötüşməyəcək.

"Ölkəyə gələn sərmayələr də azalacaq, həm də ölkədə mövcud olan sərmayələrin geri çəkilməsi ilə də biz qarşılaşa bilərik. Bundan əlavə yəqin ki, Azərbaycanı turist kimi seçən şəxslərin də qərarına təsir edəcək və turistlərin də Azərbaycana gəlməsi prosesi növbəti illərdə azalacaq.

Onun sözlərinə görə, bu hesabat həm də Dünya Bankının hazırladığı bir çox indekslərdə də Azərbaycanın mövqeyinin daha da pisləşdirəcək.

Korrupsiyanın Azərbaycanda ən çox yayılmış növü siyasi korrupsiyadır.

"Azərbaycana verilən dövlət üçün, həm də özəl sektor üçün verilən kreditlərin xərci artacaq və faizləri yuxarı qalxacaq. Bütövlükdə belə bir dəyişiklik Azərbaycanın həm iqtisadi, həm sosial inkişafına təsirsiz ötüşməyəcək və Azərbaycanın beynəlxalq səviyyədə mövqeyinin, imicinin, nüfuzunun daha da pisləşməsinə gətirib çıxaracaq."

Qubad İbadoğlu bildirib ki, Azərbaycanda korrupsiyanın siyasi forması daha çox yayıldığından hökümət də bu halları aradan qaldırmaqda maraqlı deyil.

"Korrupsiya iki cür olur. Məişət və siyasi korrupsiya. Azərbaycanda ən çox yayılmış növü siyasi korrupsiyadır. Azərbaycanda siyasi korrupsiya güclü olduğuna görə hökümətin buna qarşı mübarizə maraqları da azdır. Çünki, bu siyasi korrupsiya elə hökümət adamlarının və bütövlükdə siyasi vəzifəyə malik olan şəxslərin özü ilə əlaqədar korrupsiyadır."