Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar İranın Azərbaycan Respublikasının daxili işlərinə qarışmasına etiraz əlaməti olaraq kütləvi aksiyalar keçirəcək.
APA Agentliyinin xəbərinə görə, mayın 19-da Almaniya və Danimarkada yaşayan azərbaycanlılar İranın Berlin və Kopenhagendəki səfirliklərinin qarşısında kütləvi etiraz aksiyası təşkil edəcək. Onlar Tehranın anti-Azərbaycan siyasətinə, Bakıda keçiriləcək “Eurovision” beynəlxalq mahnı müsabiqəsi ilə bağlı Azərbaycanın Təbrizdəki Baş Konsulluğu qarşısında təşkil olunan piketə etirazlarını bildirəcəklər.
Analoji xarakterli aksiyalar mayın 20-də Niderland parlamentinin önündə, İranın İsveçdəki səfirliyi önündə, İtaliyanın Latsio şəhərinin mərkəzində, Fransanın paytaxtı Parisin mərkəzində, Böyük Britaniyanın paytaxtı Londonun mərkəzində, Pakistanın ABŞ-dakı səfirliyinin qarşısında (ABŞ-da İranın maraqlarını Pakistan səfirliyi təmsil edir) və Kanadanın Toronto şəhərində, mayın 27-də isə Böyük Britaniyanın Mançester şəhərinin mərkəzində keçiriləcək.
Aksiyalarda azərbaycanlılar İranın müxtəlif dairələrinin Azərbaycana qarşı çıxışlarının dayandırılmasını tələb etməklə yanaşı, diqqəti həmin ölkədə yaşayan 35 milyon azərbaycanlının hüquq və azadlıqlarının kobud surətdə pozulmasına yönəldəcəklər.
Aksiyalar mayın 19-dan 27-dək davam edəcək