Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzi son günlər nazirlik tərəfindən ictimai-siyasi sabitliyi pozmaq məqsədilə təxribat-pozuculuq və terrorçuluq aksiyalarını planlaşdıran silahlı birləşmənin zərərsizləşdirilməsi ilə bağlı yeni məlumat yayıb.
Xəbərdə deyilir ki, ölkənin ictimai-siyasi həyatını ciddi təhdid edən təhlükəli dəstənin zərərsizləşdirilməsi, terrorçuluq aksiyalarının vaxtında qarşısının alınması üçün Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Qax, Zaqatala, Şəki, Qusar, Abşeron və Xaçmaz rayonlarında irimiqyaslı xüsusi əməliyyat keçirilib.
Silahlı birləşmənin üzvləri, Azərbaycan vətəndaşları - Nurəliyev Elmir, Sultanov Faiq, Muradov Əmir, Əliyev Ağasadıq, Abbasoğlu Nəriman, Həsənov Aydın, Həsənov Arif, Lələyev Bəhruz, Aşurov Rəşad, Aşurov Məcid, Padarov Mehdi, Yunusov Nəsrullah, Əfəndiyev Rauf, Həmidov Elmir, Məmmədov Məmməd, Allahverdiyev Ruslan, Süleymanov Faiq, Qaracayev Teymur və Lələyev Mahmud yaxalanıb.
Dəstə başçısı Vüqar Padarovu və onunla birlikdə gizlənən digərlərinin tərksilah olunması və tutulması üzrə keçirilən antiterror əməliyyatı zamanı həmin şəxslər MTN-nin xüsusi təyinatlılarının təslim olmaq barədə qanuni tələbinə tabe olmayaraq odlu silahlardan fasiləsiz atəşlər açıb və əl qumbarası atıb. Vüqar Padarov məhv edilib, Faiq Sultanov və Əmir Muradov isə tutulub.
Silahlı birləşmənin saxlanılmış üzvlərindən terror-təxribat aksiyalarında istifadəsi nəzərdə tutulan 4 ədəd avtomat silah, 1 ədəd RPK tipli əl pulemyotu, 4 ədəd müxtəlif tipli tapança, xeyli sayda patron, 33 ədəd müxtəlif tipli əl qumbarası, 29 ədəd qumbara alışdırıcısı, xüsusi üsulla hazırlanmış müxtəlif partlayıcı qurğular və maddələr, 20 detonator, 36 ədəd “Kenwood” markalı rabitə aparatı, qanunla qadağan edilmiş digər sursat və əşyalar, habelə terrorçuluğu və cihadı təbliğ edən ədəbiyyatlar aşkar edilərək götürülüb. Bundan başqa, əsasən beynəlxalq terrorçulara xas olan xüsusi bilgilərdən və sxemlərdən istifadə olunmaqla diqqəti cəlb etməyən oyuncaq maşının içərisinə partlayıcı maddələr - 438,2 qram plastid, 200 və 75 qramlıq trotil şaşkaları, kapsul, təlafatın və xəsarətin geniş miqyasına hesablanmış dəmir qırıntıları yerləşdirilmiş və məsafədən idarə olunan, 100 metr radiusda canlı qüvvəni məhv etməyə qadir 1 ədəd partlayıcı qurğu aşkarlanaraq götürülüb.
Hazırda göstərilən faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılır.
MTN bildirir ki, məhv edilmiş Vüqar Padarov hələ 2011-ci ilin yay aylarında Azərbaycanda təxribat-pozuculuq və terrorçuluq aksiyalarına hazırlıq görülməsi məqsədilə silahlı birləşmə yaradıb.
Bundan öncə isə silahlı birləşmənin üzvləri əvvəlcə “Əl-Qaidə”nin nümayəndələrinin köməkliyi ilə Suriyadakı mədrəsələrdə cihada hazırlaşmaq məqsədilə xüsusi dini-psixoloji təlim keçib. Sonra silahlı birləşmənin üzvlərinin bir hissəsi Pakistanın Vəziristan əyalətinə gedib. Onlar “Əl-Qaidə”yə daxil olan «İslami-cihad» terrorçu qrupunun tərkibində bir neçə ay hərbi-dini təlimlər keçib. Bundan sonra, həmin şəxslər «İslami-cihad» terrorçu qrupunun tərkibində Əfqanıstanın Paktika və Paktiya, Xost, Qəndəhar və Helmənd vilayətlərində beynəlxalq antiterror koalisiyası qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak ediblər.
Dəstənin bir qrup digər üzvü isə İranda atəş və fiziki hazırlıq, müşahidə etmək, müşahidədən yayınmaq və digər istiqamətlər üzrə iki ay xüsusi təlim keçib.
Silahlı birləşmənin fəal üzvü “Maqa” ləqəbli Elmir Nurəliyev 2010-cu ilin avqustunda Dağıstana gedərək “Əl-Qaidə” ilə əlaqəli olan “əmir” Əbu-Hureyranın, “Dağıstan cəbhəsinin əmirləri” “Həsən” ləqəbli İsrapil Velicanovun və “Saleh” ləqəbli İbrahimxəlil Daudovun dəstələrində Dağıstan ərazisində terrorçuluq aksiyalarının və digər cinayətkar əməllərin törədilməsində iştirak edib.
2010-cu ilin sonlarında Elmir Nurəliyev Dağıstanın Kadar kəndi yaxınlığında İbrahimxəlil Daudovun dəstəsinin gizli düşərgəsində “Busra” ləqəbli Vüqar Padarov ilə tanış olub. Vüqar Padarov Elmir Nurəliyevə Azərbaycanda da cihad aparılmasını təklif edib. Məqsəd Azərbaycanın bir sıra bölgələrində silsilə terrorçuluq aksiyalarının keçirilməsi, ölkədə nəzarətsizlik və hakimiyyətsizlik əhval-ruhiyyəsi, əhali arasında çaşqınlıq və vahimə, etnik və dini zəmində qarşıdurma yaratmaq, sabitliyi pozmaq və respublikanın nüfuzuna xələl gətirmək olub. Bunun üçün əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahların, məscidlərin və başqa dini konfessiyalara məxsus ibadət yerlərinin partladılması nəzərdə tutulub. Eyni zamanda, hüquq mühafizə orqanlarına silahlı basqınlar təşkil etmək, əməkdaşları öldürmək və inzibati binalarda olan silah-sursatı ələ keçirmək planlaşdırılıb. Dəstə üzvləri arasında vəzifə bölgüsü, terrorçuluq aksiyalarının törədiləcəyi hədəflərin və yerlərin sxemi, iş rejimi, xidməti personalın sayı, snayperlərin mövqeləri və digər faktorlar müəyyənləşdirilib. Dağıstanla həmsərhəd rayonlarda və dağ-meşə massivlərində dəstəyə mənsub silahlı qrupların gizlənəcəyi, müvəqqəti yaşayacağı yerlərin, blindajların və qazmaların hazırlanması nəzərdə tutulub.
Elmir Nurəliyev ilə razılaşma əldə etdikdən sonra Vüqar Padarov planları barədə Əbu-Hureyraya və İbrahimxəlil Daudova bildirib. 2011-ci ilin fevral ayında İbrahimxəlil Daudov Kadar kəndi yaxınlığında “Dağıstan əmirlərinin şurası”nı təşkil edib və onlar “əmir” Əbu-Hureyranın əvvəllər bu barədə irəli sürdüyü analoji təklifləri Vüqar Padarov və Elmir Nurəliyevin iştirakı ilə müzakirə edib. Sonda “Əmirlər şurası” tərəfindən Vüqar Padarova və Elmir Nurəliyevə müvafiq tapşırıqlar və külli miqdarda pul verilib. Yaradılacaq yeni silahlı birləşməyə İbrahimxəlil Daudov Vüqar Padarovu “əmir” təyin edib və bu barədə videogörüntülü müraciətini sonuncunun mobil telefonunun yaddaşına yazıb.
2011-ci ilin iyulunda Vüqar Padarov və Elmir Nurəliyev müxtəlif növdə və sayda silah-sursatla birlikdə mühafizə olunan dövlət sərhədini Rusiyanın Dağıstan Respublikasından Qusar rayonu istiqamətində qanunsuz keçərək Azərbaycana gəlib.
Vüqar Padarov eyni zamanda dəstə üzvlərini silahlandırmaq məqsədilə silah-sursatın alınması üçün Nəsrullah Yunusov vasitəsilə ayrı-ayrı şəxslərlə əlaqə saxlayıb. Davamlı terrorçuluq aksiyalarına hazırlıq işlərinin başa çatdırılması üçün Vüqar Padarov Elmir Nurəliyevlə birlikdə mütəmadi olaraq Bakı şəhərinə gəlib-gedib. Bundan sonra, Vüqar Padarov silahlı birləşmənin gücləndirilməsi və digər təşkilati məsələlərin həlli üçün dəstənin üzvləri Əmir Muradov və Faiq Sultanov ilə birlikdə 2012-ci ilin mart ayının əvvəlində Gəncə şəhərində mənzil kirayə edərək oraya köçüb.
Milli Təhlükəsizlik Nazirliyi Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Qax, Zaqatala, Şəki, Qusar, Abşeron və Xaçmaz rayonlarında irimiqyaslı xüsusi əməliyyat keçirib.