Azərbaycanda Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü qeyd olunub

Azərbaycanda Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü qeyd olunub

Media Hüququ İnstitutunun nümayəndəsi Xalid Ağaliyev qeyd edib ki, cari ilin ilk 6 ayında həbs olunan jurnalist olmasa da, söz azadlığı sahəsində vəziyyət yaxşılaşmayıb. Hazırda məhkəmələrdə jurnalistlər və qəzet redaksiyaları ilə bağlı 27 iş var.

Sentyabrın 8-də Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü ilə əlaqədar Azərbaycanda Mətbuat Şurası və jurnalist təşkilatları konfranslar keçirib.

Ölkənin bir qrup KİV və vətəndaş cəmiyyəti nümayəndəsi ənənəvi olaraq “Monitor” jurnalının qətlə yetirilmiş redaktoru Elmar Hüseynovun və müstəqil Azərbaycan jurnalistikasının banilərindən biri, “Azadlıq” qəzetinin yaradıcısı və ilk redaktoru Nəcəf Nəcəfovun qəbrinə gül qoyub.
“Bu gün sadəcə növbəti peşə bayramı deyil, biz jurnalistlərin birliyimizi, həmrəyliyimizi hiss edə bildiyimiz gündür”, deyə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun təşkil etdiyi konfransda bildirib.
Onun fikrincə, hakimiyyət mətbuatı sovet metodları ilə boğa və bütün informasiya məkanını nəzarəti altına götürə bilməyib. “Ötən ilə nəzər salsaq, belə bir nəticə çıxarmaq olar ki, jurnalistikanın azadlığı uğrunda mübarizə öz bəhrəsini verir. Demək olar ki, bütün jurnalistlər həbsdən azad edilib, İnternet-media sürətlə inkişaf edir və oxucu auditoriyası formalaşır”, - deyə cənab Əliyev vurğulayıb.

Azadlıq qəzetinin şərhçisi Şahvələd Çobanoğlu jurnalistlərin Elmar Hüseynovun qəbri üstündə toplanmasını rəmzi adlandırıb. “Bu qurban əbəs olmayıb, çünki insanları birləşdirib, onlara öz hüquqları və ləyaqətləri uğrunda mübarizə gücü verib”.
Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva Elmar Hüseynovun qatillərinin cəzalandırılmadığını xatırladıb və hakimiyyəti vədini yerinə yetirməyə - cinayətkarları tapıb cəzalandırmağa çağırıb.

Mətbuat Şurası Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü ilə əlaqədar keçirdiyi dəyirmi masada qurumun rəhbəri Əflatun Amaşov Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə hazırlıq haqqında danışıb və oktyabrın əvvəllərində Gəncədə jurnalistikanın roluna həsr olunmuş konfrans keçiriləcəyini bildirib.
O, yerli jurnalistikanın vəzifələri kimi ictimaiyyətin düzgün məlumatlandırılmasını, müharibə, milli və irqi ayrı-seçkilik təbliğinə qarşı mübarizəni qeyd edib.
Rəsmi Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıxov hesab edir ki, müstəqil və müxalifət qəzetləri KİV-ə Dövlət Dəstəyi Fondundan hökumətyönümlü qəzetlərdən daha çox vəsait alır.

Redaktorlar Birliyinin Jurnalistlərin Beynəlxalq Həmrəylik Gününə həsr olunmuş iclasında isə gündən-günə pisləşən söz azadlığı naminə həmrəylik nümayiş etdirmək çağırışı ilə bəyanat qəbul edilib. Sənəddə bu sahədə vəziyyətin pisləşməsi təkcə hakimiyyətin dözümsüzlüyü ilə deyil, həm də jurnalistlərin kifayət qədər həmrəy olmaması ilə izah olunur. “Problemin kökündən həlli üçün siyasi iradə tələb olunur”.
Redaktorlar həbsdə olan gənc blogerlər Cabbar Savalan və Bəxtiyar Hacıyevin, jurnalistlərin və digər ictimai xadimlərin maraqlarını müdafiə edən, hakimiyyət tərəfindən təqib olunan vəkillər Osman Kazımov, Anar Qasımov, Elçin Namazov, Xalid Bağırova dəstək ifadə edib.
Media Hüququ İnstitutunun nümayəndəsi Xalid Ağaliyev qeyd edib ki, cari ilin ilk 6 ayında həbs olunan jurnalist olmasa da, söz azadlığı sahəsində vəziyyət yaxşılaşmayıb.
”Məhkəmə iddialarına gəlincə, bu vəziyyət 2005-ci ildən bu yana dəyişmir və hazırda məhkəmələrdə jurnalistlər və qəzet redaksiyaları ilə bağlı 27 iş var. Bu dövr ərzində onlardan tələb olunan kompensasiyanın ümumi məbləği 630 min manat təşkil edib, məhkəmə bu məbləğin 25 min manatını müsadirə edə bilib”.
Xatırladaq ki, Jurnalistlərin Həmrəylik Günü Beynəlxalq Jurnalistlər Təşkilatının 1958-ci ilin mayında Buxarestdə keçirilmiş IV konqresinin qərarı ilə qeyd olunur. Bu tarix 8 sentyabr 1943-cü ildə hitlerçilər tərəfindən edam olunmuş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə həsr olunub. XX əsrin sonlarında BMT bu tarixi Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü qeyd edib.