Avro-Atlantik Şura təsis edilib. Qurumda 145 ziyalı, ictimai xadim, 34 qeyri -hökumət təşkilatı birləşir. Sülhəddin Əkbər Avro-Atlanik Şuranın sədri, Yaşar Cəfərli sədr müavini seçilib. Avro-Atlantik Şuranın bu gün keçirilən təsis yığıncağında təşkilatın nizamnaməsi və manifesti qəbul edilib, 21 nəfərlik İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası seçilib.
“Şuranın əsas məqsədi Azərbaycanın demokratik inkişafına, başda Avropa İttifaqı və NATO olmaqla Avropa və Avro-Atlantikanın siyasi, iqtisadi və başqa strukturlarına tam inteqrasiyasına ictimai dəstəyi təşkil etməkdir. Azərbaycan 19-cu əsrin sonu- 20-ci əsrin əvvəllərində Avropaya inteqrasiya kursunu seçib və 1918-ci ildə şərqdə ilk çoxpartiyalı parlamenti olan demokratik respublika qurub. Biz bu yolu davam etdirəcəyik”, - Şuranın sədri Sülhəddin Əkbər bildirib.
Şurada 5 hərbi, 9 siyasi, 4 iqtisadi ekspert, 5 şərhçi və 15 jurnalist təmsil olunur. “Hazırda Şuranın Bakının bütün rayonlarında və 30 kənd rayonunda özəyi təsis edilib. Gələcəkdə isə bütün rayonlarda özəklər təşkil olunacaq”, - deyə cənab Əkbər qeyd edib.
Çıxışlarda Azərbaycanda siyasi və iqtisadi islahatlara ciddi ehtiyacın olduğu qeyd edilib. “Ərəb baharı” da sübut etdi ki, tiranların dövrü başa çatıb. Bu mənada yumşaq demokratiyaya keçid çox vacibdir. Demokratiyaya keçid isə Avropaya inteqrasiyadan keçir. Şura Rusiya, Cənubi Qafqaz və Avropa İttifaqına daxil olan ölkələrin qeyri- hökumət təşkilatları ilə əlaqələr qurmalıdır”, - politoloq Leyla Əliyeva qeyd edib. Siyasi Şərhçi Zəfər Quliyev hesab edir ki, Azərbaycan sürətlə NATO-ya və Avropa İttifaqına inteqrasiya etməlidir. “Çünki, Azərbaycana qarşı təhlükələr sürətlə artmaqdadır. Son dövrlər irəli sürülən siyasi təhlükələr yaradacaq layihələr, Rusiyanın baş naziri Putinin Avrasiya Birliyi haqqında irəli sürdüyü təklif, İran və Rusiyadan daimi təhlükələr, Ermənistanla on illərlə davam edən problem Azərbaycanın NATO-ya üzvlük üçün müraciət etməsini zəruri edir. Amma, Azərbaycan hələ də strateji addımını atmır. Eyni zamanda, dünyanın ən az korrupsiya qeydə alınan 20 ölkəsindən 15-i Avropa İttifaqının üzvü olan ölkələrdir”, - deyə o vurğulayıb.
Hərbi ekspert İldırım Məmmədov bildirib ki, NATO-ya inteqrasiya yalnız islahat aparılmış müasir ordu demək deyil. NATO-ya inteqrasiya həm də demokratiya, insan hüquqları dəyərlər sistemi, rəqabətli seçki deməkdir”.