Azərbaycan xarici işlər naziri ilə ABŞ Dövlət katibi arasında görüş olub

Azərbaycan xarici işlər naziri ilə ABŞ Dövlət katibi arasında görüş olub

Tərəflər Dağlıq Qarabağ münaqişəsi, Əgqanıstan, Yaxın Şərq probleminə toxunub

Bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Münhendə keçirilən 47-ci Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ABŞ-nın Dövlət katibi Hillari Klintonla görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə tərəflər Ermənistan-Azərbaycan münaqişəsi məsələsini ətraflı müzakirə edib. Cənab Məmmədyarov münaqişənin həllinə dair Azərbaycan tərəfinin mövqeyini amerikalı həmkarına çatdırıb, öz növbəsində xanım Klinton məsələnin həllində irəliləyiş əldə edilməsi vaxtının çatdığını deyib. Xanım Klinton Əfqanıstanda terror əleyhinə əməliyyatlarda verilən töhfəyə görə Azərbaycan tərəfinə ABŞ-nın minnətdarlığını bir daha çatdırıb. Sonra tərəflər ikitərəfli, regional, enerji məsələləri, Yaxın Şərqdə gedən proseslər və digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.