Azərbaycan parlamenti kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması ilə bağlı Sazişə dəyişiklikləri təsdiq edib

Sənəd Amerika Müdafiə Nazirliyinin Azərbaycanın sərhəd təhlükəsizliyinə köməyini nəzərdə tutur.

Milli Məclis (parlament) "Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişdə dəyişikliklər edilməsi barədə" Protokolu təsdiq edib.

Protokolu 2011-ci il dekabrın 29-da Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza imzalayıb.

Xatırladaq ki, “Azərbaycan Nazirlər Kabineti və Amerika Müdafiə Nazirliyi arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınmasında əməkdaşlığa dair Saziş" 2004-cü il yanvarın 2-də Bakı şəhərində imzalanıb. Saziş həmin il yanvarın 14-də Azərbaycan prezidentinin sərəncamı ilə təsdiq edilib.

Sənəd kütləvi qırğın silahlarının, əlaqədar texnologiyalar və materialların Azərbaycan vasitəsilə yayılmasının qarşısını almağa yönəlib. Amerika Müdafiə Nazirliyi kütləvi qırğın silahlarının icazəsiz ötürülməsinin və daşınmasının qarşısını almaq üçün Azərbaycanın sərhəd təhlükəsizliyini gücləndirilməsinə kömək edir.

“Azərbaycanın sərhəd təhlükəsizliyini gücləndirməklə, ona kütləvi qırğın silahlarının və əlaqədar texnologiyanın və materialların yayılmasının qarşısının alınmasında yardım etmək üçün, Amerika Müdafiə Nazirliyi və onun səlahiyyətli icraedici qurumları Nazirlər Kabinetinə və onun səlahiyyətli icraedici qurumlarına avadanlıq, təchizat, materiallar, texnologiya, təlim və xidmətlər şəklində texniki yardım göstərə bilər”, - deyə sazişdə qeyd edilir.

Sənədə görə, Amerika Müdafiə Nazirliyinin üzərinə düşən yekun xərclər yetmiş beş milyon ABŞ dollarını keçməməlidir.