Azərbaycan demokratlarının mübarizəsi Vaşinqtonda müzakirə olundu (VİDEO)

  • Əsgər Möhsümoğlu

Azərbaycan demokratlarının mübarizəsi Vaşinqtonda müzakirə olundu (VİDEO)

Cəmil Həsənli seçkilərin mütəmadi şəkildə saxtalaşdırıldığını, korrupsiyanın vüsət almasını, avtoritarizmin güclənməsini və mülkiyyət hüquqları ilə bağlı çoxsaylı problemlərin mövcudluğunu vurğuladı. Cənab Həsənli qeyd etdi ki, 1992-ci il istisna olmaqla Azərbaycanda ondan sonrakı dövrdə bütün seçkilər ciddi saxtakarlıq və qanun pozuntuları ilə müşayiət olunub. O, Azərbaycanda seçkili vəzifələrin birbaşa prezident administrasiyası tərəfindən müəyyənləşdirildiyini, səsvermələrin isə formal xarakter daşıdığını söylədi.

Dekabrın 21-də Vaşinqtonda (Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda) AZAD-ın sponsorluğu ilə “Azərbaycan: Narazılığın Artan Səsləri” başlıqlı forum keçirildi. Forumda çıxış edən tarixçi Cəmil Həsənli və politoloq Hikmət Hacızadə Azərbaycanda genişlənən etiraz dalğası, ölkədə vüsət almış korrupsiya və hazırkı siyasi atmosfer haqda danışdılar. Natiqlər foruma gəlmiş iştirakçıların Azərbaycandakı durumla bağlı suallarını cavablandırdılar.

Natiqləri forum iştirakçılarına təqdim edən AZAD prezidenti Elmar Şaxtaxtinski tədbirin Azərbaycan xalqı üçün mühüm məqamda keçirildiyini bildirdi. O, ötən il bu vaxtlar Azərbaycanla bağlı çoxlarında bədbin əhval ruhiyyənin hökm sürdüyünü önə çəkdi. Cənab Şaxtaxtinskinin sözlərinə görə vaxt vardı ki, Azərbaycan tez-tez Yaxın Şərqin avtoritar rejimləri ilə müqayisə olunurdu. Amma Ərəb Baharı göstərdi ki, hətta bu məkanda da rejimlərin ictimai dayaqları xeyli zəifdir və xalq azadlığa can atır. O, ərəb dünyasında yaşanan etiraz dalğasının tədricən Azərbaycana da təsir göstərdiyini və cəmiyyətdə fəallaşma hiss olunduğunu bildirdi. Buna nümunə olaraq cənab Şaxtaxtinski Ziyalılar Forumunun fəaliyyətini göstərdi və Cəmil Həsənlinin son çıxışlarına diqqət çəkdi.

Təqdimatdan sonra söz alan Cəmil Həsənli Azərbaycanın müstəqillik qazanmasından 20 il ötdüyünü və bu dövrdə Azərbaycan xalqının bir sıra obyektiv və subyektiv çətinliklərlə üzləşdiyini bildirdi. Obyektiv çətinliklər sırasında cənab Həsənli köhnə Sovet mentalitetini, İranla Rusiya arasında coğrafi mövqeyi, və Qarabağ müharibəsinin fəsadlarını sadaladı. Onun sözlərinə görə ölkədə demokratiyanı məhdudlaşdıran bu elementlərin aradan qaldırılması müəyyən zaman tələb edir.

Subyektiv çətinliklərə gəldikdə Cəmil Həsənli seçkilərin mütəmadi şəkildə saxtalaşdırıldığını, korrupsiyanın vüsət almasını, avtoritarizmin güclənməsini və mülkiyyət hüquqları ilə bağlı çoxsaylı problemlərin mövcudluğunu vurğuladı. Cənab Həsənli qeyd etdi ki, 1992-ci il istisna olmaqla Azərbaycanda ondan sonrakı dövrdə bütün seçkilər ciddi saxtakarlıq və qanun pozuntuları ilə müşayiət olunub. O, Azərbaycanda seçkili vəzifələrin birbaşa prezident administrasiyası tərəfindən müəyyənləşdirildiyini, səsvermələrin isə formal xarakter daşıdığını söylədi.

Tarixçi Azərbaycanda son illərdə korrupsiyanın sosial həyatın bütün sferalarına yayıldığını və insanlarda böyük narazılıq doğurduğunu bildirdi. Hökumətin korrupsiyaya qarşı mübarizəsinin həmin korrupsiya piramidasının başında dayanan adamlara həvalə edilməsini Cəmil Həsənli qəzəbləndirici faktor kimi qeyd etdi. Cənab Həsənli korrupsiya ilə bağlı qlobal müstəvidə açıqlanan hesabaltarda Azərbaycanın tez-tez öndə yer almasını və bunun Azərbaycan milləti üçün bir utanc mənbəyi olduğunu önə çəkdi.

Son parlament seçkilərinə toxunan Cəmil Həsənli əslində Azərbaycanda birpartiyalı sistem formalaşdığını bildirdi. Onun sözlərinə görə həqiqi müxalifət nümayəndələrinin büsbütün parlamentdən kənarda qalması xalqın hakimiyyətə çıxış yollarını əsaslı şəkildə məhdudlaşdırıb. Belə bir halda ölkədə özbaşınalıq yayılıb. İnsanların mülkiyyət hüquqları pozulur. Buna nümunə olaraq Cəmil Həsənli təkcə Bakı şəhərində son aylarda 10,000-ə yaxın adamın evlərinin sökülməsi, onlara lazımi kompensasiyasnın verilməməsi və prosesin korrupsiyaya bulaşmasını qeyd etdi. “Mülkiyyət hüquqları təmin olunmayan yerdə siyasi hüquqlar da təmin edilə bilməz,” deyə cənab Həsənli bildirdi.

FAR Mərkəzinin sədri Hikmət Hacızadə Freedom House-un hesabatına istinad edərək Azərbaycanın qeyri-azad ölkə olduğunu bildirdi. O, ölkədə bəqərar olmuş avtoritarizmə qarşı müqavimətin gücləndiyini qeyd edərək bu səylərə gənclərin, sivil cəmiyyət təşkilatlarının və bəzi hallarda dindar adamların qoşulduğunu qeyd etdi. Cənab Hacızadə ötən illə müqayisədə Azərbaycanda narazılığın daha da artdığını və bu narazılığın artan şəkildə cəmiyyətin bütün guşələrində açıq səsləndirilməyə başladığını söylədi. Onun sözlərinə görə Ərəb Baharı, Rusiya və Qazaxıstanda baş verən olaylar Azərbaycanda sosial-siyasi duruma öz təsirini göstərir və cəmiyyətə aktivlik gətirir.

Hikmət Hacızadə ölkədə gənc mübariz nəslin formalaşdığını qeyd etdi və bu nəslin köhnə düşüncəli hakimiyyət mənsublarına qarşı müqavimət göstərmək yönümündə innovatorluq nümayiş etdirdyini söylədi. O, sosial şəbəkələrin cəmiyyətdə siyasi aktivliyə verdyi töhfələrdən danışdı və Azərbaycan azadlığının gələcəyi ilə bağlı nikbin olduğunu bildirdi. Politoloq bütün dünya boyu diktaturaların geri çəkildiyini, məğlub olduğunu, və bu prosesin Azərbaycandan da yan keçməyəcəyini bildirdi. Azərbaycanda Avroviziya eyforiyasına diqqət çəkən Hikmət Hacızadə mədəniyyət və musqiqi sahəsində əldə olunan nailiyyətlərlə siyasi durumun uyğunlaşmadığını dedi. O, rok musqiqinin azad insanların musiqisi olduğunu deyərək, Azərbaycanda azad cəmiyyətin qurulmasına çağırdı.

Çıxışların ardınca maraqlı sual-cavab sessiyası başlandı. İlk sualı verən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariç niyə görə məhz indi Azərbaycanda korruspiyadan narazılığın belə yüksək həddə olduğunu soruşdu. Sualı cavablandıran Cəmil Həsənli insaların neftlə bağlı ümidlərinin puça çıxmasından və genişlənən korrupsiyanın insanların gündəlik həyatına göstərdiyi əzici təsirdən danışdı. Daha sonra Azərbaycanda müxalifətin hansı səbəbdən dağınıq olması ilə bağlı sual verildi. Hikmət Hacızadə Azərbaycanda indiyə qədər müxalifət partiyalarının xeyli sıxıldığını və onların gərgin bir şəraitdə mübarizə aparmalı olduqlarına diqqət çəkdi. Cənab Hacızadə dissident mövqeyindən çıxış edən adamların işdən çıxarıldığlarını, həbs edildiklərini və müxtəlif növ təqiblərə məruz qaldıqlarını bildirdi. Azərbaycanda etiraz dalğasının kulminasiya həddinə çatmaması barədə sualı cavablandıran politoloq inqilabların eniqmatik mahiyyət daşıdığını və bu növ hadisələrin qabaqcadan proqnozlaşdırıla bilinməyəcəyini söylədi. Natiqlər razılaşdılar ki, Azərbaycan dəyişikliklər astanasındadır və siyasi islahatlar qaçılmazdır.