Azərbaycan Amerika ilə hərbi təlimləri təxirə salıb

Azərbaycan Amerika ilə hərbi təlimləri təxirə salıb

Amerikanın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson Amerika-Azərbaycan münasibətləri, hərbi təlimlər və müxalifətin son aksiyalarına münasibət bildirib.

“Amerika insanların toplaşmaq və öz fikirlərini ifadə etmək azadlığını dəstəkləyir. Bu, demokratiyanın fundamental prinsipidir, təməl daşıdır”. Bu barədə Amerikanın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson jurnalistlərin müxalifətin son aksiyaları ilə bağlı sualının cavabında bildirib.
Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “Amerikanın səsi” radiosuna müsahibəsində Azərbaycan-Amerika münasibətlərindəki problemlərlə bağlı sualın cavabında cənab Devidson deyib ki, Amerikanın Azərbaycanla geniş və çox sıx əlaqələri var. “Bizim müxtəlif sahələrdə, o cümlədən enerji, təhlükəsizlik, iqtisadi və demokratiya sahəsində islahatların aparılmasında geniş əlaqələrimiz mövcuddur”, - deyə o qeyd edib.

Azərbaycan Müdafiə Nazirliyinin ABŞ ilə birgə keçirdiyi “Regional cavab-2011” hərbi təlimlərin təxirə salınmasının səbəbləri ilə bağlı Amerikanın Səsi radiosunun sualının cavabında o təlimlərin birtərəfli qaydada təxirə salındığını deyib. “Təlimi Azərbaycan Müdafiə nazirliyi təxirə salıb. Bu səbəbdən təlimlərin təxirə salınma səbəblərini Müdafiə nazirliyindən soruşun”, - deyə cənab Devidson bildirib.

Hərbi təlimlər mayın 15-dən 25-dək keçirilməli idi. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu da APA agentliyinə deyib ki, nəzərdə tutulan təlim qeyri-müəyyən vaxta təxirə salınıb.
Cənab Sabiroğlu təlimin təxirə düşməsinin səbəbi barədə tam məlumatı olmadığı üçün hər hansı şərh verməyi lazım bilmədiyini deyib. “Bu hal Azərbaycan - ABŞ hərbi əməkdaşlığına hər hansı təsir edə bilərmi” sualına nazirlik sözçüsü belə cavab verib: “Mən inanmıram ki, belə bir şey baş versin. ABŞ-Azərbaycan hərbi əməkdaşlığı bundan sonra da davam edəcək”.
“Regional cavab” Amerika-Azərbaycan təlimləri ilk dəfə 2009-cu ilin aprelində keçirilib. Təlimlərdə 759 hərbçi iştirak edib. Onlardan 565-i azərbaycanlı, 194-ü amerikalı olub. Bundan əlavə, təlimlərdə Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Qazaxıstan, Polşa, Litva və digər ölkələrin hərbçiləri qatılıb. Beş gün ərzində keçirilən təlimlər zamanı iki gün səhra, üç gün qərargah əməliyyatları keçirilib. Təlimlər nəzarət-buraxılış məntəqələrinin yoxlanmasını, yollarda təhlükəsizliyin təminatını, döyüşlərin idarə olunmasını, rabitənin təşkili, hərəkətin koordinasiyası, terrorçuların tutulmasını əhatə edib. Təlimlər Qaraheybət poliqonu, Abşeron yarımadasında keçirilib , Bakı və Beynəlxalq hava limanını əhatə edib.