AXÇP sədri Əli Kərimli Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələrinə dair mövqeyini açıqlayıb.
Your browser doesn’t support HTML5
O, seçkilərdən əvvəl belə Xalq Cəbhəsi və Milli Şuranın ölkədə demokratik seçki keçirilməsi üçün heç bir şərait olmadığını bəyan etdiyini deyib.
Əli Kərimli bildirib ki, siyasi azadlıqlar çox kəskin şəkildə azaldılıb, faktiki ləğv edilib, ölkədə 100-ə yaxın siyasi məhbus var.
Müxalifət partiyasının sədri siyasi partiyaların mövcudluğunun formal xarakter daşıdığını, Azərbaycanın birpartiyalı sistemə keçdiyini və bütün hakimiyyətin dövlət başçısının əlində cəmləşdiyini deyib.
Siyasi azadlıqlar çox kəskin şəkildə azaldılıb, faktiki ləğv edilib
Cənab Kərimli hökumətin islahat tələbinə məhəl qoymadığı üçün müxalifət partiyalarının seçkiləri boykot etdiyini xatırladıb.
AXCP sədri milyonlarla azərbaycanlının ölkədə parlament seçkiləri keçirildiyindən xəbərdar olmadığını əminliklə dilə gətirib.
Onun fikrincə, seçkilər saxtalaşdırma şəraitində keçirilib və parlament xalq tərəfindən seçilməyib.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Müşahidə Missiyasının Milli Məclisə seçkilərin ölkənin “Seçki Məcəlləsi”nə uyğun keçirildiyini deməsinə AXCP-nin sədri münasibət bildirərkən deyib ki, Avropa Şurasından bir sıra deputatın Azərbaycan hökumətindən rüşvət aldığı məlum olduqdan sonra cəmiyyətdə bu adamların utancaqları, hökumət adamları ilə aralarına məsafə qoyacaqlarına dair gözlənti var idi.
“Amma görünür ki, maddi nemətlər əldə etmək, Azərbaycan hökuməti vasitəsi ilə varlanmaq meyilləri Avropada bir çoxlarına qalib gəldi.”
Lakin müşahidə missiyasından fərqli səslərin də eşidildiyini vurğulayan Əli Kərimli məhz bu fərqli səslərə inanılacağına ümid etdiyini bildirib.
Azərbaycan hökuməti vasitəsilə varlanmaq meyilləri Avropada bir çoxlarına qalib gəldi
Ölkədə seçkilərin nəticələrinə ictimai reaksiya barədə nöqteyi-nəzərini bildirən AXCP-nin sədri deyib ki, hamı başa düşür ki, heç bir qələbə olmayıb.
“Seçki komissiyaları və dövlət məmurları saxta yolla bu qələbəni təmin ediblər.”
Azərbaycanın siyasi gələcəyinə nikbinliklə baxan Əli Kərimli hazırkı rejimin bir müddət davam gətirmək imkanına malik olduğunu deyib.
“Xalqın dəstəyi olmadan avtoritar rejimə qalib gəlmək mümkün olmayacaq. Artıq Azərbaycan cəmiyyətində bunu başa düşmək hissləri günü-gündən güclənir. Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Azərbaycan xalqı bir gün hamılıqla ayağa qalxıb, demokratiya, azadlıq, ədalət tələb edəcək. Azərbaycanda demokratiya bərqərar olacaq,” deyə AXCP sədri Əli Kərimli bildirib.