Milli Məclisə seçkilər ölkənin “Seçki Məcəlləsi”nə uyğun keçirilib, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Müşahidə Missiyası belə hesab edir. Bununla belə, missiya insan hüquqları sahəsində vəziyyət və hüquq müdafiəçilərinin və digər vətəndaş cəmiyyəti fəallarının həbsxanalarda saxlanılması ilə bağlı narahatlığını bildirib.
Noyabrın 2-də keçirilən mətbuat konfransında AŞPA nümayəndə heyətinin rəhbəri, ispaniyalı parlamentari Yordi Şukla (Jordi Xucla) bildirib ki, seçkiləri ölkənin müxtəlif regionlarında assambleyanın 28 deputatı müşahidə edib.
“Missiya ortaq bir fikrə gəlib ki, seçkilər sakit keçib. Səsvermə prosesi bütünlükdə beynəlxalq standartlara uyğun idi. Müşahidəçilərimiz heç bir insident qeydə almayıblar”, deyə missiyanın bəyanatında bildirilir.
“Səsvermə günü missiya böyük və sistemli şəkildə pozuntular qeydə almayıb. Bununla belə, bəzi məntəqələrdə bülletenlərlə bağlı bir neçə nöqsan qeydə alınıb. Missiya bu nöqsanların mənbəyini müəyyən edə bilməsə də, MSK-nı onları araşdırmağa çağırır”, Şukla sözünə davam edib.
Eyni zamanda, missiya qeyd edir ki, “Azərbaycanda insan hüquqları sahəsindəki vəziyyət ciddi narahatlıq doğurur, bir sıra hüquq müdafiəçiləri və QHT fəalları həbsdədir”.
AŞPA nümayəndə heyəti həmçinin seçkilərdə Avropa Parlamenti, ATƏT Parlament Assambleyası (PA) və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) tərəfindən monitorinqin olmadığını qeyd edib, yerli və beynəlxalq müşahidəçilərin iştirakını alqışlayıb.
“Qeydə alınmış nöqsanlara baxmayaraq, seçicilərin fəallığının artması, səsvermə və səslərin sayılması prosedurlarının şəffaflığı ədalətli və demokratik seçkilər sahəsində atılmış addımları nümayiş etdirir, səsvermənin nəticələri isə Azərbaycan xalqının iradəsini əks etdirir”, Şukla bildirib.
Bununla belə, AŞPA missiyası Azərbaycan hakimiyyətini “insan hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması üzrə təxirəsalınmaz tədbirlər görməyə və ölkənin demokratik inkişafını davam etdirməyə çağırır”.
Nümayəndə heyəti həmçinin AŞPA-nın 23 iyun 2015-ci il tarixli 2062-ci qətnaməsini, AŞ Venesiya Komissiyasının və AŞ insan hüquqları üzrə Komissarının tövsiyələrini yerinə yetirməyə çağırır.
Avropa Parlamenti, ATƏT PA, ATƏT DTİHB tərəfindən əvvəlki seçkilər haqqında rəylərin əhəmiyyətini qeyd edən missiya AŞPA-nı Azərbaycanla əməkdaşlığa çağırır.
Seçkiqabağı kampaniyada debatların olmamasının AŞ standartlarına və Avropa dövlətlərinin təcrübəsinə nə dərəcədə uyğun olduğu haqqında suala Şukla belə cavab verib.
“Bu, əlbəttə ki, bizi məyus edib. Teledebatlar demokratik prosesin mühüm hissəsidir və ümid edirik ki, gələcəkdə Azərbaycanda da bu, olacaq”.
O, həmçinin Avropa Şurası Venesiya Komissiyasının tövsiyələrinə, xüsusən seçki komissiyalarının formalaşdırılması prinsipinin dəyişdirilməsi haqqında tövsiyəyə riayət edilməsi zərurətini vurğulayıb.