ABŞ Dövlət Departamentinin sözçüsünün Azərbaycan ilə əlaqədar 27 və 28 avqust tarixində verdiyi açıqlamaları əsasız və qəbuledilməzdir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin açıqlamasında deyilir.
“Siyasi mahiyyət daşıyan və Azərbaycanın daxili işlərinə qarışmaq və siyasi təzyiq göstərmək cəhdlərinə xidmət edən bu kimi açıqlamalar heç cür həqiqəti əks etdirmir. Azərbaycanda qanunun aliliyi, fundamental hüquq və azadlıqların qorunması və məhkəmə-hüquq sisteminin müstəqilliyi tam şəkildə təmin olunmuşdur.
Yaxşı olardı ki, digərlərində problemlər axtarmaq əvəzinə, ABŞ öz daxilində insan hüquqları sahəsində mövcud olan çoxsaylı problemlərlə ciddi surətdə məşğul olsun. Missuri ştatının Ferquson şəhərində baş verən hadisələr bir daha onu göstərdi ki, insan hüquqlarını xarici siyasət alətinə çevirən ABŞ sərbəst toplaşmaq və ifadə azadlığının təmin edilməsi, etnik və irqi zəmində ayrı-seçkiliyin və hüquq-mühafizə orqanları tərəfindən qeyri-proporsional şiddətin və ifrat zorakılığın tətbiq olunmasının qarşısının alınması istiqamətində fundamental hüquq və azadlıqlar üzrə üzərinə götürdüyü öhdəliklərinə riayət etməkdən uzaqdır”, o qeyd edib.
Xatırladaq ki, ABŞ Dövlət Departamenti və Dövlət Departamentinin sözçüsü Jen Psaki Azərbaycanda jurnalist və insan hüquqları fəalı İlqar Nəsibovun döyülməsini qınayan bəyanatla çıxış edib.
”Biz şəffaf və əhatəli istintaqa dəstək verir, bu cinayətin məsuliyyətini daşıyanların ədalət məhkəməsi qarşısına çıxarılacağına ümid bəsləyirik. Biz Azərbaycan hökumətini ifadə, toplaşma və təşkilatlanma azadlığı kimi fundamental hüquqların müdafiəsinə çağırırıq”-deyə Dövlət Departamentinin bəyanatında qeyd edilib.
Jen Psaki isə Vaşinqtonun Azərbaycanda sivil cəmiyyətə tətbiq edilən məhdudiyyətlərdən dərin narahatlığını ifadə edib. “Son vaxtlarda biz Azərbaycanda sivil cəmiyyətə, söz azadlığına qoyulan məhdudiyyətlərin artdığını müşahidə edirik. Biz Azərbaycan hökumətini öz vətəndaşlarının universal hüquqlarına hörmət etməyə, onlara öz fikirlərini sərbəst ifadə etməyə imkan verməyə çağırırıq”, o qeyd edib.
Xatırladaq ki, Naxçıvanda avqustun 21-də hüquq müdafiəçisi İlqar Nəsibov qəddarcasına döyülüb. Onun döyülməsi ilə bağlı hələ cinayət işi qaldırılmayıb. Naxçıvan şəhər Polis İdarəsi hüquq müdafiəçisinin döyülməsi ilə bağlı inzibati araşdırmaya başlandığını bildirib. Polisin məlumatına görə İlqar Nəsibov mübahisə zəminində döyülüb. Amma araşdırmanın nəticələri ilə bağlı hələ məlumat yayılmayıb.
Öz növbəsində İlqar Nəsibov polisin məlumatını böhtan adlandırıb və döyülməsinin siyasi sifariş olduğunu iddia edir.