Ayaz Mütəllibov: 20 Yanvarda iki qüvvə toqquşdu: AXC və Kreml (audio)

Ayaz Mütəllibov, Azərbaycan Respublikasının eks-prezidenti

Eks-prezident Amerikanın səsinə müsahibəsində 20 Yanvar ərəfəsində yerli hakimiyyətin səlahiyyətinin əlindən alındığını bildirib

Hazırda Rusiya paytaxtı Moskva şəhərində yaşayan eks-prezident Ayaz Mütəllibov Amerikanın Səsi radiosuna müsahibəsində 20 Yanvar hadisələri zamanı baş verənlər, günahkarlar, yerli və mərkəzi hakimiyyətin münasibətləri, Milli Azadlıq Hərəkatı və öz durumu barədə danışıb.


Sual: Bu gün yanvarın 20-dir. 20 Yanvar hadisələri ilə bağlı Azərbaycan istintaq orqanları sizin barənizdə cinayət işi qaldırıb və axtarış elan edib. 21 ildən sonra bu hadisəni necə qiymətləndirərdiniz?

Cavab: Mənə qarşı qaldırılan cinayət işi və axtarış qondarma bir şeydir. Özü də gülməlidir. Yaşadığım yerə vaxtaşırı kağız-kuğuz göndərirlər. Kiminsə məni mütləq, cinayətkar kimi vətənə qaytarmaq niyyəti var. Belə adamlar var. Ancaq, nədənsə bu məsələ (gülə-gülə deyir-müəllif) uzanır. Sözün doğrusu adam məəttəl qalır ki, axı bu niyə belə olmalıdır. Məndən tez-tez soruşurlar, hansı cinayət işindən söhbət gedir, axı siz ilk prezident olmusunuz, legitim prezident olmusunuz, xalq sizə səs verib. Belədir də, kimlərsə istəmir mən vətənə qayıdım.

Sual: 20 Yanvar hadisələri zamanı siz baş nazir olubsunuz və sonra prezident seçildiniz. Özünüzü günahkar hesab edirsinizmi? Ümumiyyətlə, bu hadisənin səbəbləri nə oldu?

Cavab: Hadisənin səbəbləri bu idi ki, demokratik qüvvələr adı ilə meydana çıxan Xalq Cəbhəsinin bəzi, mən bütövlükdə AXC-ni nəzərdə tuta bilmərəm, çünki orada insaflı adamlar da çox olub, ancaq bəzi liderlər özbaşınalığa yol vermişdilər. O zaman, SSRİ-də yaranmış yenidənqurma siyasəti ilə sırf bağlı olan vəziyyətdən sui-istifadə edib, özlərini yeni siyasətçi kimi qələmə verən qüvvələr və Qarabağ münaqişəsinin xalqa çox böyük mənfi təsirindən istifadə edərək, faktiki olaraq bu cinayəti qurublar. Xalq da bilir, az-çox adını siyasətçi qoyan adamlar da bilir, hamı bilir ki, ali məqsəd nə idi. Bəziləri deyirlər ki, biz müstəqillik uğrunda mübarizə aparırdıq. Mən bu sözlərə xələl gətirmək istəmirəm, hərçənd müstəqillik uğrunda mübarizə aparanlar da az olmayıb. Ancaq, bu dərəcədə də yalan danışmaq kişiyə yaraşmaz. Türkmənlər də müstəqilliyə nail oldular, qazaxlar da, özbəklər və başqaları da. Deməli, 1991-ci ilin dekabrında keçmiş müttəfiq respublikalar, Belarusiya, Rusiya və Ukraynanın başçıları toplaşaraq Minskdə qol çəkmişdilər. Ondan sonra hamı bu istəyə nail oldu. İnandırıcı deyil. Kiminsə xoşu gəlir, bu fikri işlədir, vallah inanan da tapılmır. Nəyə lazım idi 20 yanvar, nəyə lazım idi bu toqquşma. Faktiki olaraq iki qüvvə bir-biri ilə toqquşdu. Azərbaycanda AXC və SSRİ-də də mərkəz- Kremlin başçısı Qorbaçov. Yerli hökumət yox idi. Bizim nə gücümüz vardı, nə nüfuzumuz qalmışdı. Çünki həmən, o dediyim mərkəz Qarabağ avantürası ilə nüfuzumuzu əlimizdən almışdı. Bizi eşidən yox idi. Xalq Cəbhəsi də istifadə edirdi, deyirdi ki, biz hakimiyyətə gələn kimi bu məsələni həll edəcəyik. İnananlar da az deyildi.

Sual: Bu hadisələrdə Moskvanın günahı nə idi?

Cavab: Moskvanın günahı çox idi. Moskvanın günahı o idi ki, birdən-birə hazır olmayan islahatlara başladılar: siyasi, iqtisadi islahalarlar. Bu boyda ölkədə bütün xalqların arzusu olan demokratikləşmə islahatlarına hamı müsbət baxırdı. Qorbaçovu dəstəkləyən elə o kommunistlər idi. Bütün cəmiyyət, xalqın özü onları dəstəkləyirdi. Bu lazımlı bir iş idi, ancaq bunu özbaşına, hazırlıqsız aparmaq düz deyildi. Demokratikləşdirmə prosesinə Qarabağ münaqişəsinin nə aidiyyatı var idi? Faktiki olaraq SSRİ-nin dağılması, elə Qarabağdan başladı. Sonra Gürcüstan, Moldova və s. qoşuldu. Ölkə də dağıldı. Bu Ayaz Mütəllibovun günahıdır?

Sual: Dediniz ki, bu məsələlər Qarabağ məsələsindən başladı, amma Qarabağ məsələsi hələ də həll olunmayıb. Necə görürsünüz prespektivləri, yaxın zamanda həll oluna bilərmi?

Cavab: Xeyr. Həll olunsa idi, çoxdan həll olunardı.

Sual: Həll olunmamasının səbəbləri nədir?

Cavab: Elə bir imkan var idi. 1990-cı ilin əvvəllərində mənim belə bir imkanım var idi. Ancaq, bunu da çox gördülər. Dedilər ki, Ayaz Mütəllibov əgər Qarabağ münaqişəsini həll etsə, onda biz hakimiyyəti görə bilməyəcəyik. Ona görə çalışdılar ki, mənim işlərim getməsin və ərazi bütövlüyümüzü bərpa edə bilmədik.

Sual: Artıq 20 ildir ki, mühacirətdə yaşayırsınız. İndi Rusiyada hansı statusla yaşayırsınız və vətənə qayıtmaq arzunuz varmı? Çünki vətəndə də sizin haqqınızda cinayət işi mövcuddur.

Cavab: İndi mən necə cavab verim bu işə? Kağızın üzərində yazıblar. Burada bir əsas olsaydı çoxdan sübut edərdilər. Ancaq əsas yoxdur axı. Mən də sadə bir adam olmamışam, ölkə rəhbəri olmuşam. Bu cinayət işinə istinad edən şəxslər, əslində bu kağızla mənə vətənə qayıtmaq qadağası qoyurlar. Məqsəd budur.

Sual: Siz, Azərbaycan Respublikasının eks-prezidentisiniz. Ölkədə isə eks-prezidentlər haqqında qanun hələ də mövcud deyil. Yəni sizin statusunuz indi necə müəyyən edilir?

Cavab: Mənim statusum Rusiyada immiqrantdır. Rusiya vətəndaşlığım yoxdur. Burada vəsiqəm qaçqın vəsiqəsidir, siyasi mənada qaçqınlıq.

Sual: Ölkəyə qayıtmaq istəyirsinizmi?

Cavab: Əlbəttə ki, indi hansı azərbaycanlı ölkəyə qayıtmaq istəməz. Biz həqiqətən də darıxırıq. Bir il deyil, iki il deyil. Mənə qarşı münasibət misli görünməyən, tarixdə olmayan bir hadisədir. İqtidarın yerinə mən xəcalət çəkirəm. Açıq desinlər ki, biz burdayıq, ona görə sənin burada yerin yoxdur. Həmrəylikdən, birləşməkdən danışırıq, dünya azərbaycanlılarını bir yerə yığırıq. Mən də Azərbaycanın bir oğluyam, mənim də arxamda mənə hörmət edən kimlərsə var. Çünki vaxtı ilə əhalinin 95 faizi mənə səs verib. Ola bilməz ki, bunların hamısı saxta olsun. Heç olmasa buna hörmət edək. Axı, mənim bütün qohumlarım o torpaqlarda basdırılıb. Mən niyə məhrum qalım? Mənim 73 yaşım var. Ayıb deyil?

Sual: Hətta sizi atanızın dəfninə belə buraxmadılar elə deyilmi?

Cavab: Buraxmadılar. Bu oyunbazlıqdır. Bu cür münasibət ölkə rəhbərliyinə şərəf gətirmir. Arzum odur ki, daxili aləmimizdə düşmən axtarmayaq. Bizim Qarabağ kimi problemimiz var. Biz birləşməsək, bu problemin öhdəsindən gələ bilmərik. Heç kəs bunu təkbaşına həll edə bilməz. Ay qardaşlar, bu xalqın işidir və xalq bütöv olmasa, yekdil olmasa, Qarabağdan danışmaq yersizdir.