Joze Barroso: Prezident Əliyevlə səmimi və açıq fikir mübadiləsi aparırıq

Avropa Komissiyasının rəhbəri Joze Manuel Barroso

Avropa Komissiyasının Prezidenti kəmər, enerji siyasəti, Şərq Tərəfdaşlığı, insan haqları və demokratiyadan danışıb
Avropa Komissiyasının Prezidenti Joze Manuel Durao Barroso Azərbaycana səfəri öncəsi Turan agentliyinə musahibə verib. O yunun 14-15-də Azərbaycanda səfərdə olacaq.

Müsahibəni təqdim edirik:


Sual: Avropanın enerji təhlükəsizliyi məsələsi Ukraynadakı vəziyyət baxımından ən mühüm prioritetlərdən biridir. TANAP və TAP boru kəmərlərinə dair verilmiş qərarlardan sonra Trans-Xəzər boru kəməri gündəlikdə duran məsələdir. Bu layihənin həyata keçirilməsi halında və ehtimalında Türkmənistanla Azərbaycanın mövqeyini necə qiymətləndirərdiniz?

Cavab: Avropa ittifaqı Trans-Xəzər Boru Kəmərinin (TXBK) tikintisinə bütün tərəflərin strateji və kommersiya maraqlarına xidmət edəcək və qarşılıqlı şəkildə faydalı olacaq layihə kimi baxır. Üçtərəfli görüşlər zamanı bu layihənin həyata keçirilməsi üçün Azərbaycan və Türkmənistanın mühüm öhdəlik götürdüyünün şahidi olduq. Hələ də planlaşdırma mərhələsindəyik. Ümid edirik ki, Cənub Qaz Dəhlizinin qurulması TXBK ilə bağlı müzakirələrin də sürətlənməsinə töhfə verəcəkdir. Avropa İttifaqının TXBK-nın təchiz edə biləcəyi əlavə həcmləri qəbul etməsində və Avropaya təhlükəsiz təchizat baxımından onun müsbət təsir göstərməsində marağı vardır. Aİ bunun baş verməsi üçün öz işini konstruktiv şəkildə davam edəcəkdir.

Sual: Vətəndaş cəmiyyəti və siyasi fəallara göstərilən ciddi təzyiq və təqib baxımından Azərbaycanda demokratiya ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?

Cavab: Aİ demokratiya, yaxşı idarəetmə və qanunun aliliyinin inkişaf etməsi və gücləndirilməsi prosesində Azərbaycana yardım etməyə hazır olduğunu dəfələrlə bildirib, həm dövlət strukturlarına, həm vətəndaş cəmiyyətinə texniki və maliyyə yardımı formasında konkret tədbirlərlə öhdəlik götürdüyünü vurğulayıb.

Bu gün Avropa İttifaqı Azərbaycanda bu sahədə olan ən böyük donordur. Bu öhdəliyi davam etdirməyə qərarlıyıq. Azərbaycanlı tərəf müqabillərimizlə müxtəlif siyasi formatlarda, o cümlədən ən yüksək səviyyədə demokratiya, insan hüquqları və qanunun aliliyi sahələrində baş verənləri müntəzəm şəkildə müzakirə edirik. Deyə bilərəm ki, prezident Əliyevlə bütün bu məsələlər barədə səmimi və açıq fikir mübadiləsi aparırıq. Əminik ki, Azərbaycan qurumları bu narahatlıqlara ciddi yanaşır, çünki fundamental azadlıqlara hörmət, insan hüquqları və qanunun aliliyi Azərbaycanın öz marağında olan məsələlərdir.

Sual: Ukraynada baş verən böhrandan sonra Moskvada bəzi insanlar bəyan etmişdi ki, bu, faktiki olaraq Rusiyaya qarşı olan Şərq Tərəfdaşlığı Layihəsinin həyata keçirilməsinin nəticəsi olub. Aİ Şərq Tərəfdaşlığına üzv dövlətləri qorumaq üçün nə edə bilər?

Cavab: Şərq Tərəfdaşlığı (ŞT) kiməsə qarşı yönəlib, birinin udub, digərinin uduzduğu, bir tərəfdaşın fayda qazanacağı, digərinin isə itkiyə uğrayacağı bir oyun kimi hazırlanmayıb. Əksinə, ŞT ancaq birbaşa cəlb olunmuş tərəfdaşlarımız üçün deyil, eləcə də onların qonşuları və bütün region üçün qarşılıqlı şəkildə faydalı olan şəraitin təmin edilməsi üçün planlaşdırılıb. Bu məsələyə aydınlıq gətirmək mühümdür. Öz tərəfdaşlarımıza etdiyimiz təklif demokratiya, yaxşı idarəetmə, qanunun aliliyi və açıq iqtisadiyyat prinsipləri əsasında Avropa İttifaqı ilə siyasi assosiasiya və iqtisadi inteqrasiyadır. Biz dünyada olan əksər tərəfdaşlarımıza bu təklifləri edirik. Bu gündəliyin nə üçün kiməsə qarşı olduğunun izah olunmasını istərdim. Lap əvvəldən biz bu məsələni çox aydın şəkildə izah etmiş, müsbət və konstruktiv şəkildə bütün ölkələrlə və iştirakçı tərəfdaşlarla əlaqədar məsələləri müzakirə etməyə hazır olmuşuq.

Təəssüf ki, bəzi ölkələr məsələni bu tərzdə görmək istəməmiş, yaxşı qonşuluq prinsiplərindən və beynəlxalq hüquq normalarından kənara çıxan iddialarını nümayiş etdirib. ŞT-nın təhlükəsizlik effekti tərəfdaşlarımızın öz maraqlarını təşviq etmələri üçün siyasi və iqtisadi islahatlar aparmaqla onları daha da gücləndirmək, sülh, sabitlik və rifah baxımından vacib olan Avropa İttifaqı ilə əməkdaşlıq formalarını onlar üçün müyəssər etməkdir.