Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi barədə danışıqların birinci raundu başa çatıb

Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələrinin standartları yaxınlaşdırılır.

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında viza danışıqlarının birinci raundu başa çatıb.
Avropa İttifaqının Bakı nümayəndəliyinin məlumatına görə, martın 1-i və 2-də viza rejiminin sadələşdirilməsi və readmissiya sazişləri ilə bağlı danışıqlar olub
“İki gün ərzində çox məhsuldar danışıqlar aparmışıq, Azərbaycan tam hazırlıq və konstruktiv mövqe nümayiş etdirdi”, - deyə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia bildirib.
Viza rejiminin sadələşdirilməsi və readmissiya sazişləri ilə bağlı danışıqları Xarici İşlər Nazirinin müavini Mahmud Məmmədquliyev, Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev və AB beynəlxalq əlaqələr şöbəsinin direktor müavini Rob Rozenburq, Viza Siyasəti Bölməsinin direktor müavini Diederik Paalman aparıb.

Bu gün Çexiyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Şərq Tərəfdaşlığının (ŞT) nümayəndə heyətlərinin başçıları, həmçinin Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton, Avropa komissarı Ştefan Füle ilə işçi nahar zamanı Aİ və ŞT ölkələrinin standartlarının yaxınlaşdırılması vacibliyi qeyd edilib. Aİ ilə Azərbaycan arasında viza prosedurlarının sadələşdirilməsi, gender bərabərliyi məsələsinin Şərq Tərəfdaşlığının tərkib hissəsinə çevrilməsinin əhəmiyyəti vurğulanıb.
Xatırladaq ki, Aİ ilə Azərbaycan arasında müzakirə olunan sazişlər bütün vətəndaşlar üçün viza rüsumunun azaldılmasını, Aİ ölkələrinin ərazisində 180 gün ərzində 90 günədək qalmaq üçün viza verilməsini, müəyyən kateqoriyadan olan insanların viza rüsumunu ödəməkdən azad olunmasını, zəruri sənədlərə 10 təqvim günü ərzində baxılmasını, xüsusi kateqoriyadan olan insanlara çoxdəfəlik giriş vizalarının verilməsini, təhlükəsiz və yaxşı idarə olunan mühitdə mobilliyin artırılmasını nəzərdə tutur.