Bu gün Avropa İttifaqı (Aİ) - Azərbaycan Əməkdaşlıq Şurasının 12-ci iclası keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov, Avropa İttifaqını isə Polşa Xarici İşlər Nazirliyinin dövlət katibi Nikolay Dovqileviç, Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Avropa Komissarı Ştefan Füle təmsil edib.
İlk öncə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi haqqında məlumat verib və nizamlanma prosesinsə Avropa İttifaqının rolu imkanları müzakirə edilib.
Danışıqlar çərçivəsində Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı formatında aparılmış fəaliyyət və gələcək əməkdaşlıq müzakirə olunub, mövcud əməkdaşlığın Avropa İttifaqı standartlarının Azərbaycanın inkişafı üçün xidmət edəcəyi qeyd olunub. Tərəflər Aİ ilə Azərbaycan arasında Assosiasiya Sazişi üzrə aparılan danışıqlarda əldə olunmuş nailiyyətləri alqışlayıb.
Həmçinin Aİ ilə Azərbaycan arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Aİ təmsilçiləri Avropanın enerji təhlükəsizliyi və enerji daşıyıcılarının diversifikasiyasında Azərbaycanın mühüm dayaqlardan biri olduğu və Cənub Dəhlizi layihəsinin reallaşdırılmasında Azərbaycanın aparıcı rolunu vurğulayıb.
Aİ ilə Azərbaycan arasında enerji sahəsində mövcud strateji tərəfdaşlığın ikitərəfli əməkdaşlığın digər sahələrini də əhatə etməsi perspektivləri ətraflı müzakirə olunub. Bu kontekstdə xüsusilə Aİ ilə Azərbaycan arasında siyasi dialoqun aparılması, yüksək səviyyəli səfərlərin daha da artırılması məsələləri müzakirə olunub.