Avropa məhkəməsi Azərbaycanı 40 min avro cərimələyib

Avropa məhkəməsi Azərbaycanı 40 min avro cərimələyib

Məhkəmə şikayət edən şəxslərin məhkum olunmasını qanunsuz sayıb və Azərbaycan dövləti şikayətçilərin hər birinə 10 min avro təzminat ödəyəcək.

Avropa Insan Hüquqları Məhkəməsi 2003-cü ilin oktyabrında keçirilən prezident seçkilərinin nəticələrinə etiraz etdikdən sonra həbs edilmiş Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, keçmiş baş nazir Pənah Hüseyn və Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlunun şikayətinə baxıb. Avropa İnsan Hüquqları Məhkəməsinin saytı məlumatına görə, məhkəmə şikayət edən şəxslərin məhkum olunmasını qanunsuz sayıb və məruz qaldıqları ədalətsizliyə görə Azərbaycan dövlətini ümumilikdə 40 min avro cərimələyib. Avropa Məhkəməsinin qərarına əsasən, Azərbaycan dövləti şikayətçilərin hər birinə 10 min avro təzminat ödəyəcək.

Müxalifət fəalları 2005-ci ilin martında azadlığa buraxılıb. Onlar məhkəmə qarşısında həbs və istintaq zamanı ağır fiziki işgəncələrə məruz qaldıqlarını qaldırıb. Yerli məhkəmələr bu iddialara hüquqi qiymət verməyib. Bundan sonra, adları sadalanan şəxslər Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycan hökumətinin ədalətli məhkəmə hüququ və sərbəst toplaşmaq azadlığı hüququnu pozması ilə bağlı şikayət verib.