ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərinin yekunları ilə bağlı bəyanatla çıxış edib

ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfərinin yekunları ilə bağlı bəyanatla çıxış edib

Həmsədrlər atəşkəs rejimi haqda sazişin tətbiqi istiqamətində səylərin möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Tərəflər təmas xətti boyunca insidentlərin araşdırılması üzrə mexanizmlər layihəsinə dair razılığa gəlib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradtke və İqor Popov, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşik oktyabrın 21-24-də Bakı, Dağlıq Qarabağ və Yerevana səfərlərinin yekunları ilə bağlı bəyanatla çıxış edib. ATƏT-in saytında dərc olunmuş bəyanatda deyilir ki, həmsədrlər Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla, həmçinin Qarabağın de-fakto hakimiyyəti ilə görüşüb.

Görüşlər zamanı həmsədrlər danışıqlar atmosferində dəyişikliyə nail olunması üçün tədbirlərin həyata keçirilməsinin, inamın artırılması və dinc nizamlanmada gələcək irəliləyişə nail olmaq üçün atəşkəs rejimi haqda sazişin tətbiqi istiqamətində səylərin möhkəmləndirilməsinin vacibliyini qeyd edib. Həmçinin həmsədrlər bəzi sahələrdə inam tədbirlərinin yaxşılaşdırılması üçün bir neçə təklif irəli sürüb. “Tərəflər təmas xətti boyunca insidentlərin araşdırılması üzrə mexanizmlər layihəsinə dair razılığa gəlib. Bu mexanizmləri apreldə həmsədrlər irəli sürüb və prezidentlər Əliyev, Sarkisyan və Medvedev Soçidə birgə bəyanatla təqdir ediblər”, - deyə sənəddə vurğulanır.

Səfər zamanı vasitəçilər xalqların ədalətli, davamlı və dinc nizamlanmaya hazırlanmasının vacibliyini müzakirə etmək üçün şeyxülislam Allahşükür Paşazadə və katolikos II Qareginlə görüşüb.

Oktyabrın 22-də həmsədrlər son 14 ayda dördüncü dəfə təmas xəttini piyada keçib. “Bu akt qonşu xalqlar arasında daimi maneənin olmadığını və tərəflərin hazır olarsa, hərbi koordinasiyanın mümkünlüyünü göstərir”, - deyə bəyanatda qeyd olunur.

Həmsədrlər yuxarıda qeyd olunan tədbirlərin hazırlanması və gələcək addımların müəyyən edilməsi məqsədilə tərəflərlə işi davam etdirmək üçün noyabrda yenidən regiona gələcəklər.