Minsk qrupunun həmsədrləri sülh prosesinin irəliyə aparılmasının zəruriliyini bildirib

Azərbaycan və Ermənistan xarici işlər nazirləri

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb
Aprelin 4-də ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü keçirilib. Bu danışıqlardan əvvəl aprelin 3-də Vyanada həmsədrlərin özlərinin görüşü keçirilib. Bu barədə ATƏT-in yaydığı press-relizdə deyilir.

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri danışıqlarında ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (RF), Jak For (Fransa) və Ceyms Uorlikdən (ABŞ) başqa ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edib.

Həmsədrlər yenə nazirləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli, dinc yolla həlli üzərində işi davam etdirməyə çağırıb.
Onlar yaxın gələcəkdə prezidentlər səviyyəsində görüşün keçirilməsi ehtimalını müzakirə ediblər və əsas məsələlər üzrə irəliləyiş əldə etməyin aktuallığını qeyd ediblər. Həmsədrlər yenidən nazirlərə bölgədə gərginliyin azalması üzrə konkret addımların atılmasını və sülh prosesini irəlilətməsi zərurətini vurğulayıblar.