ATƏT rəsmisi Anar Məmmədlinin həbsini pisləyib

Anar Məmmədli (SMDT) rəhbəri

"Bu həbs Azərbaycanda təməl haqların qorunması istiqamətində çalışanların susdurulması kampaniyasının davamıdır"
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin direktoru, səfir Janez Lenarčič çərşənbə axşamı insan haqları fəalı Anar Məmmədlinin 5 il yarım müddətinə azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmünü qətiyyətlə pisləyib.

O, bu hökmü Azərbaycanda təməl haqların qorunması istiqamətində çalışanların susdurulması kampaniyasının növbəti elementi kimi qiymətləndirib.

“Mənim şübhəm yoxdur ki, Anar Məmmədliyə və onun seçki monitorinqi təşkilatına qarşı hakimiyyət tərəfindən əlaqələndirilmiş qısnama və təhdid kampaniyasının ardınca onun məhkum edilməsi və barəsində çıxarılmış hökm onun seçici hüquqlarının qorunması sahəsindəki fəaliyyətinin əngəllənməsi məqsədini güdür. Mənə bu da aydındır ki, bu və bunun kimi hökmlərə Azərbaycanda ölkənin üzərinə öhdəlik kimi götürdüyü hüquq və azadlıqları müdafiə etmək istəyən başqalarına xəbərdarlıq kimi əl atılır” deyir Lenarčič.

O, həmçinin bəyanatında bildirib ki, Azərbaycan hakimiyyətinin hərəkətləri onun öz xalqı qarşısındakı vəzifələri və ATƏT üzvü kimi insan haqları sahəsində götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir.