İranda bank oğurluğu ilə bağlı 50 nəfər həbs edilib

İranda bank oğurluğu ilə bağlı 50 nəfər həbs edilib

İran Milli Bankından və daha bir neçə bankdan iki milyard 800 milyon ABŞ dolları mənimsənilib

İranda Mərkəzi Bank da daxil olmaqla bir neçə bankda baş verən oğurluq hadisəsinə görə 50 nəfər həbs olunub.

APA Agentliyinin məlumatına görə, aparılan istintaq əməliyyatları nəticəsində həbs edilən və bu işdə təqsirləndirilən şəxslərə aid 200 mülk aşkarlanıb və müsadirə edilib. İran baş prokuroru Qulamhüseyn Möhsüni Ejei bank oğurluğu ilə əlaqədar Əhvaz şəhərində yerləşən «Khuzestan Steel Co» polad istehsalı zavodunun müdirinin də həbs edildiyi haqqında məlumat verib: “ Hazırda xaricdə olan İran Melli Bankının sabiq müdiri Məhəmməd Rza Xavərini ölkəyə geri çağırmışıq. Lakin dönmədiyi üçün İnterpol vasitəsi ilə İrana qaytaracağıq. Hətta onunla əlaqəsi olan bir neçə beynəlxalq təşkilatın da adını İnterpola vermişik. Bank oğurluğuna görə həbs edilənlər barəsində tezliklə qərar çıxarılacaq və təqsirləndirilənləri ağır cəza gözləyir”.
Qeyd edək ki, İranda oğurluq nəticəsində ölkənin hökumət bankları sayılan “Saderat” bankından, İran Milli Bankından və daha bir neçə bankdan iki milyard 800 milyon ABŞ dolları mənimsənilib.