Arif Yunus qızının adından yazılan statusu ailəsinə qarşı təxribat adlandırıb

Arif Yunus

Onun fikrincə, bu, xüsusi xidmət orqanlarının şüurlu dezinformasiyasıdır

Tarixçi alim Arif Yunus sosial şəbəkələrdə qızına qarşı aparılan böhtan xarakterli statusu qınayıb.

Belə ki, avqustun 2-də "V kontakte" sosial şəbəkəsinə istinadən Hollandiyada yaşayan qızı Dinara Yunusovanın adından “Anamı həbs elədiniz, atamı xəstəliyə düçar etdiniz, indi isə cəbhədə əsgərləriniz ölsün, əclaflar. Nifrət edirəm hamınıza. Daha böyük bəlalar sizi gözləyir", məzmunlu status yayılıb.

Arif Yunus Facebook səhifəsində yayılan statusun qızına aid olmadığını bildirib və bunu ailəsinə qarşı təxribat adlandırıb.

Arif Yunusun bəyanatında deyilir:

"Avqustun 2-də mən, demək olar ki, bütün günü heç kimlə əlaqə yarada bilməmişəm - həyat yoldaşıma dərman və pəhriz yeməkləri aparmışdım, daha sonra polis şöbəsində oldum. Yalnız axşam xəbərləri oxudum və bizim xüsusi xidmət orqanlarının ailəmizə qarşı dəhşətli təxribatından xəbər tutdum. Onlar «V kontakte» sosial şəbəkəsində hazırda Hollandiyada yaşayan qızım Dinara Yunusovanın adına səhifə açıblar və onun adından iftira xarakterli materiallar yayıblar. Bu məlumatların ona heç bir aidiyatı yoxdur, hətta bundan xəbəri də olmayıb.

Rəsmən bəyan edirəm ki, bu qondarma səhifədə yayılan məlumatların hamısı Azərbaycanın xüsusi xidmət orqanlarının məhsulu və onların təxribatı, nə mənə, nə də qızıma aidiyatı olmayan şüurlu dezinformasiyadır. Bu primitiv təxribatı kəskin qınayırıq".

Dinara Yunusova da onun adından yayılan statusu təkzib və onun "v Kontakte" şəbəkəsində profili olmadığını bildirib.

“Mən və valideynlərim həmişə Azərbaycanı sevmişik və onun ərazi bütövlüyünə dəyər vermişik. Eyni zamanda bildirim ki, heç vaxt heç kimə müsahibə verməmişəm”, deyə o bildirib.