Məhkəmə Anar Məmmədlini 5,5 il, Bəşir Süleymanlını 3,5 il azadlıqdan məhrum edib [Yenilənib]

Anar Məmmədli (Foto azadxeber.net saytından götürülüb)

Vəkillər həbsi siyasi sifariş hesab edir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin və digər iki fəal – Bəşir Süleymanlı və Elnur Məmmədovun işi üzrə hökm elan olunub.

SMDT-nin icraçı direktoru Bəşir Süleymanlı

Hökmə əsasən, Anar Məmmədli 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay, Bəşir Süleymanlı 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və sonuncu məhkəmə zalında həbs edilib.

Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədov

Məhkəmə digər təqsirləndirilən Elnur Məmmədov barəsində 2 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirsə də, onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və 2 il müddətinə şərti cəza ilə əvəzlənib.

***
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin və digər iki fəal - Bəşir Süleymanlı və Elnur Məmmədovun işi üzrə vəkillər müdafiə çıxışı edib.

Vəkillər İradə Cavadova, Cavad Cavadlı, Elçin Sadiqov müdafiə etdikləri şəxslərin günahkar olmadıqlarını, onların hər birinin siyasi sifariş əsasında həbs olunduğunu bildirib. Məhkəmədən onlar barədə bəraət hökmünün çıxarılmasını istəyiblər.

Son sözlə çıxış edən SMDT rəhbəri Anar Məmmədli bir daha həbsinin siyasi motiv olduğunu bildirib. “Bütün bu proseslər seçkiləri müstəqil monitorinqinin aparılmasının qarşısı almaqdır və bu istiqamətdə yönəlmiş bir addımdır”, o qeyd edib.

Bəşir Süleymanlı və Elnur Məmmədov bir daha məhkəmədə özlərini təqsirli bilmədiklərini bildiriblər.

Son sözdən sonra məhkəmədə fasilə elan olunub.
Hökm bu gün saat 16-da oxunacaq.

Ötən həftə dövlət ittihamçısı A.Məmmədlini 3 il ərzində dövlət, özəl və ictimai qurumlarda vəzifə tutmaq hüququndan məhrum edilməklə 9,5 il, Süleymanlı və Məmmədovu 2 il vəzifə tutmaq hüququndan məhrum etməklə 8,5 il azadlıqdan məhrum etməyi təklif edib.

SMDT rəhbəri Anar Məmmədli, bu QHT-nin icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin (KBƏİB) rəhbəri Elnur Məmmədov Cinayət Məcəlləsinin 5 maddəsi üzrə - vergi ödənişindən yayınmaq, qanunsuz sahibkarlıqla məşğul olmaq, vəzifə səlahiyyətlərindən sui-istifadə, böyük ölçüdə əmlak mənimsəmə və vəzifə saxtakarlığında ittiham olunurlar.

Cinayət işi 2013-cü il oktyabrın sonlarında açılıb. Məmmədli dekabrın 17-də həbsə alınıb, digər iki şəxsdən isə ölkəni tərk etməmək haqqında iltizam alınıb.
Amnesty İnternational A.Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb.