Amnesty İnternational: İsa Qəmbərə açıq-aşkar təşkil edilmiş hücum araşdırılmalıdır

Amnesty İnternational

Hüquq müdafiə təşkilatı Azərbaycanda müxalifət liderinin seçkiqabağı gərgin şəraitdə pusquya salınmasından narahatdır
Müxalifətdən prezidentliyə namizəd İsa Qəmbərə qarşı təşkil olunmuş hücumun ciddi araşdırılması lazımdır. Amnesty İnternational hüquq-müdafiə təşkilatının “Azərbaycanın müxalifət lideri seçkiqabağı gərgin şəraitdə pusquya salınıb” adlı bəyanatında belə deyilir.

Təşkilatın bildirir ki, yanvarın 13-də İsa Qəmbərin avtomobili Lənkərana gedərkən 10 avtomobil onu əhatəyə alıb. 100 nəfərdən çox adamın olduğu dəstə onları daş və yumurta atəşinə tutub, avtomobillərin pəncərələrini sındırıblar. İ.Qəmbərin əhatəsində olan 9 nəfər xəsarət alıb, yumruq və təpiklə döyülüb, partiya sədrinin müavini maşınla vurulub.

Hücum zamanı “Müsavat”ın fotoqrafı Mehman Kərimov saxlanılaraq naməlum şəxslər tərəfindən dindirilib. Onun kamerası əlindən alınıb.

Hadisəni izləyən polis əməkdaşları müdaxilə etməyib. İ.Qəmbər və onu müşayiət edən şəxslər əhatəni yararaq çıxa biliblər. Lakin bundan sonra da onu bir neçə kilometr beş avtomobil izləyib.

“İsa Qəmbərə açıq-aşkar təşkil edilmiş hücum və polisin müdaxilə etməməsi çox narahatlıq doğurur və araşdırılmalıdır”, - Amnesty International-ın Avropa və Mərkəzi Asiya üzrə direktoru John Dalhuisen bildirib.

“Hakimiyyət dərhal insidentin araşdırılmasına başlamalıdır. Azərbaycanın avropalı tərəfdaşları müxalifətdən prezidentliyə namizədə qarşı bu cür ciddi hücumun baş verməsinin səbəblərinin açıqlanmasını tələb etməlidir”, - o qeyd edib.

Yanvarın 12-də Bakıda 2000-ə yaxın adam gənc əsgərin ölümünə etiraz olaraq toplaşıb. Aksiyanın siyasi partiyalar tərəfindən təşkil olunmamasəna baxmayaraq 50-ə yaxın gənc fəal və hüquq müdafiəçisi polis tərəfindən saxlanılıb. Onlardan 22 nəfəri 300-dən 600 AZN-dək (US $ 380-760) cərimə edilib.

“Bu yaxınlarda vicdan məhbuslarının azad edilməsinə baxmayaraq, Azərbaycan hökuməti özgəfikirliliyin ifadəsinə görə müxalifət fəallarının həbsini davam etdirir”, - John Dalhuisen vurğulayıb.

“Bütün bunlar toplaşma və ifadə azadlığı hüququnu nəzərdə tutan azad və düzgün prezident seçkilərinin keçiriləcəyini vəd etmir”, - o bildirib.