Amnesty International NİDA fəallarını dərhal azad etməyə çağırıb

Amnesty International: Bu dəhşətli bir hadisədir

Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çı 8 gəncə hökm oxunub
14 may 2014-cü ildə ölkədə insan hüquqları sahəsində vəziyyətin ağır olması fonunda Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsində 6 aylıq sədrliyi qəbul edəcək, deyə Amnesty İnternational-ın bəyanatında bildirilir.

Mayın 6-da Bakıda məhkəmə NİDA gənclər hərəkatının 8 fəalını saxta narkotik və partlayıcı maddə saxlamaq ittihamı ilə 6-8 il müddətinə azadlıqdan məhrum edib.
Polis məhkəmə önündə toplaşmış dinc NİDA tərəfdarlarını və jurnalistləri güc tətbiq edərək dağıdıb.

“Bu hökm insan hüquqlarına qəsd və Azərbaycanın əsas azadlıqlara hörmət etməkdən imtinasının davam etməsinin xatırlatmasıdır”, deyə Amnesty İnternational-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeev bildirib.

Bütün bunlar Avropa Şurasına üzv 47 ölkənin xarici işlər nazirinin sədrliyi Azərbaycana təhvil vermək üçün Vyanada təmtəraqlı mərasimdə toplaşdığı bir vaxtda baş verir.

Məruzədə Azərbaycanda müxalifət partiyalarının, müstəqil KİV-lərin səsinin, habelə hökumətə qarşı istənilən tənqidlərin boğulması üçün döyülmədən, ədalətsiz məhkəmə proseslərindən, saxlanmalardan və həbslərdən necə istifadə edildiyindən bəhs edilir.

“Azərbaycan öz Konstitusiyasında və Avropa Şurasında insan hüquqlarına hörmət və onları müdafiə etdiyini bəyan edib. Bununla belə, təcrübədə bu milli və beynəlxalq öhdəliklərdən imtina baş verir”, deyə Krivoşeev bildirib.

İndi Azərbaycanda öz baxışlarını dinc şəkildə ifadə etdiklərinə görə ən az 19 vicdan məhbusu var, onlar arasında NİDA fəalları, hakimiyyəti tənqid edən siyasətçilər, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları və blogerlər var.

“Biz həmişə onları dərhal və qeyd-şərtsiz azad etməyə çağırmışıq. Bununla belə, fikri ifadə azadlığı hüququnu dinc şəkildə ifadə etdiyinə görə həbs olunanların sayı getdikcə artır.
Avropa Şurası, onun Baş Katibi və Nazirlər Komitəsi israrla Bakıdan bu siyasətə son qoymağı tələb etməlidirlər”, deyə Krivoşeev qeyd edib.

Amnesty International və bütün Avropadan fəallar mayın 6-da Azərbaycanın sədrliyi qəbul etməsi mərasimi zamanı etiraz aksiyası keçirməyə hazırlaşır. Onlar Azərbaycanı AŞ Nazirlər Komitəsinin sədri kimi ölkədə və xaricdə insan hüquqlarını müdafiə etməyə çağırırlar.

Amnesty International və fəallar həmçinin Nazirlər Komitəsini Azərbaycanı bütün vicdan məhbuslarını, o cümlədən NİDA fəallarını dərhal azad etməyə çağırmağa dəvət edirlər.