Amerikalıların 66 faizi varlılarla yoxsullar arasında münaqişə olduğunu deyir (audio)

  • Reuters

Amerikalıların 66 faizi varlılarla yoxsullar arasında münaqişə olduğunu deyir (audio)

Pew Tədqiqat Mərkəzinin keçirdiyi rəy sorğusuna görə, amerikalılar hesab edir ki, zənginlərlə yoxsullar arasında münaqişə mühacirlərlə yerli amerikalılar və ya qaradərililərlə ağdərililər arasında münaqişədən daha dərindir. Röyters agentliyinin verdiyi məlumata görə, sorğu amerikalıların 30 faizinin zənginlərlə yoxsullar arasında dərin münaqişənin olduğunu hesab etdiyini göstərir. Pew Tədqiqat Mərkəzi bildirir ki, 1987-ci ildə bu sual ilk dəfə verildiyi vaxtdan bu münasibəti bildirən respondentlərin sayı həmişəkindən daha artıqdır. Sorğunu cavablandıran insanların 66 faizi varlılarla yoxsullar arasında dərin, ya da çox dərin münaqişə olduğunu deyib.

Tədqiqatın nəticəsinə görə, demokratlar, gənclər, qadınlar və qaradərililər siniflər arasında münaqişənin əlamətlərini ən çox hiss edən qruplardır.

Zənginlər və yoxsullar arasında münaqişə ilə müqayisədə amerikalıların 62 faizi mühacirlərlə yerli amerikalılar arasında münaqişənin olduğunu hesab edir. Pew Tədqiqat Mərkəzi bu göstəricinin 2009-cu ildə 47 faiz olduğunu bildirib. 2009-cu il rəy sorğusunun nəticələri amerikalıların zənginlər deyil, mühacirlərlə bağlı münaqişənin daha güclü olduğunu hesab etdiyini göstərmişdi.

Amerikalıların 66 faizi varlılarla yoxsullar arasında münaqişə olduğunu deyir (audio)

Yeni rəy sorğusu irqçiliklə əlaqədar münaqişənin azaldığını əks etdirir. Belə ki, sorğu iştirakçılarının 38 faizi qaradərililərlə ağdərililər arasında ciddi münaqişə olduğunu, 34 faiz isə bu növ münaqişənin gənclərlə yaşlılar arasında olduğunu deyib.

Pew Tədqiqat Mərkəzinin təhlilçilərinin bildirdiyinə görə, sorğunun nəticələri o demək deyil ki, amerikalıların daha böyük hissəsi sinif bölgüsünə görə zənginləri günahkar hesab edir, çünki daha çox münaqişənin olduğunu düşünən bəzi respondentlər zənginlərə qarşı qəzəbin düzgün istiqamətə yönəlmədiyini bildirib.

Pew rəy sorğusu göstərir ki, amerikalıların 46 faizi varlıların onlara lazım olan adamları tanıdığı və ya zəngin ailələrdə doğulduğuna görə zənginləşdiyini, 43 faizi isə onların əmək, ambisiya və yaxşı təhsil aldıqlarına görə zənginləşdiyini düşünür.

Müstəqil tədqiqat mərkəzi olan Pew rəy sorğusunun nəticələrinin dekabr ayının 6-19-u arasında 2048 nəfərlə keçirilən telefon danışığı əsasında hazırlandığını bildirir.

Birləşmiş Ştatlarda noyabr ayında keçiriləcək prezident seçkilərində gəlirlər arasında bərabərsizliyin əsas məsələ olacağı gözlənilir. “Wall Street-i Tutun” hərəkatı da bu məsələyə öz təsirini göstərəcək.

ABŞ-da əhalini siyahıya alma bürosunun son məlumatına əsasən, ölkə əhalisinin 10 faizini təşkil edən zənginlərin sayı 2005-ci ildə 49 faizlə müqayisədə 2009-cu ildə 56 faiz artmışdı.