Almaniya Bundestaqı Azərbaycan hökumətini insan haqlarına hörmət etməyə çağırdı

  • Amerikanın səsi

Almaniya Bundestaqı Azərbaycan hökumətini insan haqlarına hörmət etməyə çağırdı

Almaniya parlamentinin insan haqları və humanitar yardım üzrə alt komitəsi Azərbaycan hökumətinin ünvanına tənqid tonlu bəyanat qəbul edib. Bəyanatda Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyi vurğulanır və rəsmi Bakıdan siyasi məhbuslar üzrə məruzəçi Kristof Ştrasserin ölkəyə buraxılması tələb olunur.

“Təkrar xahişlərə baxmayaraq Azərbaycan məruzəçiyə viza verməkdən imtina edib, halbuki məruzəçinin fəaliyyətinin yalnız siyasi məhbuslarla məhdudlaşması barədə müddəa Azərbaycan rəsmilərinin tələbinə uyğun olarq ləğv edilib", - deyə sənəddə bildirilir.

Bundestaqın alt komitəsi Azərbaycanda siyasi məhbuslarla bağlı durumun narahatlıq mənbəyi olduğunu vurğulayaraq, müxalifət tərəfdarlarının, jurnalistlərin və blogerlərin təqib və həbs kampaniyasına məruz qaldıqlarını bildirib. Komitə Azərbaycanı Avropa Şurasına daxil olarkən öz üzərinə könüllü şəkildə götürdüyü öhdəliklərə riayət etməyə və cənab Ştrasseri dərhal ölkəyə buraxmağa çağırıb.

Azərbaycan hökuməti ölkədə siyasi məhbusların mövcud olmadığını israr edərək Kristof Ştrasseri siyasi məhbuslar üzrə mandat əsasında ölkəyə buraxmaqdan imtina edir.