Əlirza Ərdəbilli İran İslam Respublikası və Səudiyyə Ərəbistanı dövlətləri arasındakı gərginlikdə rol oynayan əsas amillərin millətçilik, siyasi rəqabət və şiə-sünni qarşıdurması zəminində cərəyan edən liderlik iddialarından ibarət olduğunu deyir. Güneyli yazar və siyasi şərhçi Amerikanın Səsi ilə söhbətdə problemləri ortaya çıxaran amilləri şərh etməklə yanaşı İranın nüvə proqramına görə bir vaxtlar tətbiq olunmuş sanksiyaların aradan qaldırılmasının bu gərginlik üzərində buraxacağı təsiri, həmçinin qeyri-fars təşkilatların İranın xarici siyasətinə dair mövqeyi haqda danışıb.
Your browser doesn’t support HTML5
Ərəb dünyası və ərəb millətləri arasında İrana ya farslara qarşı elə bir mənfi hava yoxdur. Yəni, İranda ərəblərə qarşı olanla müqayisədə İrandakının yüzdə biri qədər ərəblərdə yoxdur.Əlirza Ərdəbilli
Neftlə zəngin iki Yaxın Şərq ölkəsi arasında son vaxtlarda artan gərginliyin hələ də davam etdiyini önə çəkən Ərdəbillinin dediklərinə görə, sanksiyaların ləğvinin bu durum üzərində buraxacağı təsiri müəyyənləşdirmək İranın atacağı addımlardan asılı olacaq.
“İndi sanksiyaların götürülməsi ilə əlaqədar İranda şadlıq və nikbinlik havası vardır. Əlbəttə sanksiyaların götürülməsi ilə İran əslində 10 il bundan öncəki vəziyyətə qayıdıb, bu fərq ilə ki, indi neftin qiyməti daha aşağıdır. Səudiyyə Ərəbistanda isə gözlə-gör vəziyyəti var. Yəni, gözləyirlər ki, İran bu durumu necə qarşılayacaq və hansı nəticələri çıxaracaq..,” deyə İsveçdə mühacirətdə yaşayan jurnalist bildirir.
O, iki ölkə arasındakı ədavətli münasibətlərin şərhində İran millətçiliyi, şiə-sünni qarşıdurması və siyasi rəqabət faktorlarına işarə edir:
“Bu ziddiyyəti üç müstəvidə görmək olar: Birincisi, fars-ərəb münasibəti baxımından... Ərəb dünyası və ərəb millətləri arasında İrana, yaxud farslara qarşı elə mənfi bir hava yoxdur. Yəni İranda ərəblərə qarşı olanla müqayisə olsa, İrandakının yüzdə biri qədər ərəblərdə yoxdur... Necə ki, İranda türklərə qarşı da elə bir mənfi baxış var, amma türk dövlətlərində İrana qarşı elə bir hava yoxdur. İkincisi, bölgənin iki böyük gücünün rəhbərlik iddiaları var. Üçüncüsü, İranın şiə dünyasına rəhbərlik iddiası var, Ərəbistan da sünni dünyasının ən böyük qüdrətidir, nəzərə alsaq ki, Türkiyə dünyəvi bir dövlətdir.”
Güneyli yazar İran İslam Respublkasının xarici və daxili siyasətində öz “güc qaynaqlarını” istifadə etməkdə uğurlu olduğunu söyləyir.
Onun dediklərinə görə, “müxaliflər 37 ildir deyirlər ki, 6 ay, 1 ildən sonra rejim çökəcək və bu kimi söhbətlər... Amma, İran rejimi güc qaynaqlarından istifadə edərək milləti arxasına çəkir. Həm İran millətçiliyi, gəm şiəçilik həm də ki, "İran böyük bir gücdür" şüarı ilə bunu edə bilir.”
Əlirza Ərdəbilli İranda Səudiyyə Ərəbistanının səfirliyinə hücümdan sonra ölkənin müxtəlif siyasi cərəyanları, o cümlədən qeyri-fars qrupların təpkiləri haqqında danışıb.